• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 06.02.2023 18:51

Kəpəz FM - 10 ildə dinlənilən, hiss edilən, arzulanan radio...

KepezTV Player

Radionu özünə yol yoldaşı edənlər yaxşı bilirlər: Dinləyicinin qəlbinə gedən yol gözəl musiqidən və səsdən keçir. Qərb regionunun dinləyicilərinin mənəvi qidası da Kəpəz FM-dir.
Azərbaycanın ilk regional radio kanalı olan “Kəpəz” 2013-cü ilin 5 fevralında Gəncə şəhərində 24 saatlıq yayıma başlayıb. Həftə ərzində beş gün səhərini “Gəl ey səhər”lə açanlar, günorta naharını “Vaxt bizim, söz sizin”lə edib təbriklərini, etiraflarını çatdırırlar, işdən qayıdanlar isə “Bu axşam” verilişi vasitəsilə yorğunluqlarını çıxarırlar. Həftə ərzində www.kepezfm.az saytında səs toplayaraq ən çox dinlənilənlər isə  Milli 20 və Top 20 hit-paradlarında yer alırlar. Gün ərzində beş dəfə dünya və ölkə gündəmində baş verən ən son xəbərlər “Kəpəz Xəbər”də çatdırılır.
Hər zaman gənclərə yol açan radioda istedadlı müğənnilərə də şans verilir. Xüsusi konsepsiyaya malik olan Kəpəz FM-ə mahnılar təqdim etmək istəyən müğənnilər təyin olunan qaydaların şərtlərinə əməl etməlidirlər.
Kəpəz radiosu Azərspace 1 peyki vasitəsilə, Gəncə-Daşkəsən iqtisadi rayonunda 93.3, Qazax-Tovuz iqtisadi rayonunda isə 102.7 tezliklərində yayımlanır. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarındadır. Sayt vasitəsilə canlı yayımı dinləmək, layihələr haqqında məlumat almaq, Milli 20 və Top 20-də yer alan mahnılara səs verməklə müğənnilərin hit-paradımızdakı yerlərini müəyyən etmək mümkündür.
Kəpəz radiosu yayıma başladığı gündən etibarən dinləyicilərdə musiqi zövqünü formalaşdırmaq, maarifləndirmək missiyasını öz üzərinə götürüb. Dinləyicilər də bu hədəfə doğru irəliləyərkən hər zaman yanımızda olublar.

10 il səsimizə qulaq verib, dinləyənlərə təşəkkür edirik!