Telefon, böyüklərlə bərabər uşaqların da həyatının demək olar ki, bir parçasına çevrilib. Azyaşlılar günün çox hissəsini bu cihazla keçirir; telefonla yemək yeyir, müxtəlif oyunlar oynayır və cizgi filmi izləyirlər. Bu isə həm psixoloji, həm də fizioloji inkişafa öz təsirini göstərir. Mütəxəssislər bu mövzuda valideynlərə xəbardarlıq edir.
Gündəlik olaraq evdə, işdə, yolda, səyahətdə olarkən rahat şəkildə əlaqə saxladığımız, ya da əyləncə və əməliyyatlar icra etdiyimiz smartfonlar artıq uzun müddətdir hər kəsin, hətta, azyaşlıların da həyatına daxil olub. Gənclər və uşaqların telefondan istifadə səbəbi fərqli olsa belə, nəticə olaraq telefonun onlarda yaratdığı zərər eynidir.
Telefondan istifadə etməməyin mümkünsüz hal olduğunu nəzərə alsaq, uşaqlar üçün də bu vəziyyət eynidir. Bunun nəticəsini isə azyaşlıların şəxsiyyət kimi formalaşmasında, düşüncə tərzlərinin inkişafındakı axsaqlıqlarda, yaddaşlarının zəifləməsində görmək mümkündür.
Danılmaz faktdır ki, indi bir çox valideynlər mobil telefonların uzunmüddətli istifadəsinin zərəri haqda məlumatlı olsalar belə, yenə də uşaqların “başını qatmaq” üçün bu cihazdan yararlanırlar. Təbii ki, mobil telefonların insan psixologiyası ilə yanaşı orqanizminə də ziyanları yox deyil. Valideyinlər bunun fərqinə varmasalar belə, bu, gələcəkdə, uşaqların səhhətində ciddi problemlərə yol aça bilər.
Uşaqlarda telefon asılılığının yaranmamasında, ən böyük məsuliyyət isə valideynlərin üzərinə düşür. Tez-tez eşitdiyimiz “Götür telefonu, sakit dur” kəliməsi, bu yalnış yolda atılan ilk addımlardandır.
Alimə Hüseynova
- Baxış: 278