Naftalan - özünəməxsusluğu və dünyanın başqa bir yerində tapılmayan tərkibə malik olan nefti ilə məşhur olan şəhər. Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalanda yaradılan müasir şərait yerli vətəndaşlar kimi, xaricilərin də burada müalicəsi üçün geniş imkanlar açıb.
Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalan şəhəri şəfa axtarışında olan minlərlə insanın marağını cəlb edən unikal Naftalan neftinin vətənidir.
Naftalanda çıxarılan neft görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyi müalicə etməyə imkan verir. Unikal kimyəvi tərkibə və şəfalı xüsusiyyətlərə malikdir. Buna görə də, Naftalana "Min bir dərdə dərman tapmaq üçün" gəlirlər.
Rəvayətə görə, Naftalan neftinin müalicəvi olması xəstə bir dəvənin bu yerlərdəki göllər sayəsində sağalması ilə üzə çıxıb. Yazılı mənbələrdə isə, bu neftin faydalı xüsusiyyətləri barədə məlumatı Nizami Gəncəvinin əsərlərində, Naftalan neftinin faydaları haqqında oxumuşuq.
Naftalan neftindən əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Eyni zamanda, güclü iltihab, allergiya əleyhinə, ağrıkəsici təsirlərə malik olmaqla yanaşı, digər effektiv funksiyaları da var. Odur ki, pasiyentlərə təyin edilən Naftalan vannası olduqca müalicəvi əhəmiyyət daşıyır.
Naftalan sanatoriyalarında, faydalı neft vannaları ilə yanaşı, müalicəvi masaj otaqları, fizioterapiya, hovuz və gimnastika xidmətləri də var. Təmiz, xlorsuz suda həkimin nəzarəti ilə dartılma, sümüklərdə, oynaqlarda olan problemləri aradan qaldırır.
Naftalana səfər edən həm xarici, həm də yerli turistlərin əsas məqsədi neft vannası qəbul etməkdir. Onlar deyir ki, "Bura gəlməklə biz, ömrümüzü uzadıb, sağlamlığımızı bərpa edirik".
Dünyanın hər yerindən gələn turistlərlə yanaşı, Azərbaycanın bütün bölgələrindən Naftalana gəlib, möcüzəvi neftdən faydalananlar da az deyil. Neft vannaları qəbul edənlər sağlamlıqlarını bərpa edir, ağrılardan uzaq qalır, yenə də bu möcüzəvi müalicə üsulundan istifadəyə can atır.
Hazırda Naftalanda 16 sanatoriya fəaliyyət göstərir. Onların içərisində 5 ulduza layiq görülən otellər də var. Gələn turistlərin sayı isə ildən-ilə artır. İlk yerləri MDB ölkələrindən olan vətəndaşlar tutur. Avropadan gələnlərin sayında da ciddi artım var. Ötən il Naftalana 35 mindən çox turist gəlib, onların da 7 minə yaxını 42 ölkədən olanlardır.
Naftalan həm də təmiz havası, mülayim, günəşli iqlimi ilə seçilir. Odur ki, müalicə üçün bu şəhərə gələnlər dəyərli varlıq olan sağlamlıqlarını bərpa edərək geri qayıdırlar.
Nərgiz Əhmədqızı
- Baxış: 279