Böyük Britaniyada yaradılmış və 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri Füzulidən başlayıb. ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nümayəndələrin daxil olduğu 30 nəfərlik qrup yol boyu işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntıları, talan edilmiş maddi-mədəni irsi, Azərbaycan Ordusunun qəhrəmanlıqla yardığı istehkamları, səddləri lentə alıblar. Daha sonra beynəlxalq səyyahlar Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında olublar.
Dünya səyyahlarının növbəti dayanacağı Xocavənd rayonundakı Azıx mağarası olub. Qonaqlar işğal dövründə bu tarixi-mədəni abidənin talan edilməsi, burada qanunsuz tədqiqat və qazıntı işlərinin aparılması barədə faktlarla əyani şəkildə tanış olublar.
Səyyahlar qrupu Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasını da müşahidə ediblər. Səyahətçilər aksiyanın dinc xarakter daşıdığı və Qarabağ İqtisadi rayonunda təbii resursların qanunsuz istismarının dayandırılmasına yönəlməsi barədə məlumatlandırılıblar. Yolun humanitar məqsədlər üçün açıq olmasına, aksiya iştirakçılarının dinc şəkildə şüarlar səsləndirməsinə şahidlik ediblər.
Səyahətçilər həmçinin, Cıdır düzündə olublar. Qonaqlara bir vaxtlar burada Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib. Şuşanın işğaldan azad edilməsindən danışılıb. Bundan sonra hər il Cıdır düzündə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirilir, eləcə də, digər böyük tədbirlər təşkil olunur.
Xarici qonaqlar Şuşa qalasının yaxınlığında yerli uşaqlara hədiyyələr də veriblər. Şəhərdə aparılan tikinti-yenidənqurma işləri ilə tanış olublar.
Şuşadan sonra beynəlxalq səyahətçilər Füzulinin İşıqlı kəndində minatəmizləmə prosesini izləyiblər. Aşağı Seyid Əhmədli kəndindəki kütləvi məzarlıq yerləri ilə tanış olublar. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi Vüsal Quliyev bildirib ki, Aşağı Seyidəhmədlidə kütləvi məzarlığın aşkarlanması üçün iş aparılır, ancaq ərazi hədsiz dərəcədə minalanıb. Son 10 gün ərzində həmin ərazidə 31 ədəd tank əleyhinə mina aşkarlanıb. İşarələnmiş 4 hektarlıq ərazinin hələlik 4.2%-ində minatəmizləmə fəaliyyəti icra edilib.
- Baxış: 256