Azərbaycan İrandan qarşıladığı ilk şəhidini son mənzilə yola saldı. Böyük izdihamla, böyük ehtiramla. Şəhid Orxan Əsgərov İkinci şəhidlər xiyabanında torpağa tapşırıldı.
Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın siyahısına bir ad da əlavə edildi - Orxan Əsgərov. Lakin bu şəhidlik digərlərindən fərqli oldu. Orxan Əsgərov cəbhədə yox, düşmənlə döyüşdə yox, düşmənçilik nəticəsində öz iş yerində, mühafizəsinə rəhbərlik etdiyi Azərbaycan səfirliyində həlak oldu. Tehranda Azərbaycanın diplomatik missiyasına xain terror hücumu zamanı.
Şəhid Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib. Göyərtəsində terror aktı nəticəsində yaralananların, Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə saat 22 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Ümumilikdə 53 nəfər təxliyə olunub. Səfirliyə hücum zamanı yaralanan şəxslər təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar. Şəhid Orxan Əsgərovun nəşi isə ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.
Şəhidimizlə vida mərasimi paytaxtda yaşadığı evdə keçirilib. Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi böyük izdihamın müşayiəti ilə İkinci Şəhidlər Xiyabanına gətirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Orxan Əsgərovun xatirəsinə dərin ehtiram əlaməti olaraq Azərbaycanın dövlət himni səsləndirilib.Yaylım atəşi açılıb.
Vətənin bir parçasına çevrilən şəhid baş leytenant Orxan Əsgərovun Vətənə əmanət iki övladı yadigar qalıb.
Azərbaycanın İrandakı səfirliyinə xain terror hücumu yanvarın 27-i Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu keçərək, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev tərəfindən saxlanılıb. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.
Güney azərbaycanlılardan şəhidin xatirəsinə ehtiram
Güneyli soydaşlarımızı da şəhid Orxan Əsgərovun xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Onlar Tehrandakı səfirlik binasının qarşısına gül çələngləri qoyublar. Həmçinin Təbrizdə Baş Konsulluğunun binası qarşısında şəhidimizin xatirəsinə gül dəstələri düzülüb. Bununla yanaşı, Tehran, Təbriz, Ərdəbil və bir neçə şəhərdə fəallar yazılı vərəqələr yayaraq Azərbaycana həmrəylik nümayiş etdirilib.
- Baxış: 265