• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 27.01.2023 20:23

Molla rejiminin Azərbaycana nifrətindən doğan terror

KepezTV Player

cNə təsadüf ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum ilk türk diplomatların şəhid edilməsinin 50-ci ildönümü günü törədilib. ABŞ-da 1973-cü ilin məhz bu günü özünü İran əsilli kimi təqdim edən erməni Qurgen Yanikyan Türkiyənin Los Ancelesdəki baş konsulu Mehmet Baydar və müavini Bahadır Demiri hədiyyə vermək adı ilə otelə dəvət edərək onlara qarşı terror aktı törədib. İlk diplomatların öldürülməsindən 50 il sonra eyni tarixdə İran vətəndaşı Azərbaycan səfirliyinə hücum edir və səfirlik əməkdaşını qətlə yetirir. İndi siz deyin, mollaların ermənilərdən nə fərqi var?

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum birmənalı şəkildə təsadüf sayıla bilməz. Bu, əvvəlcədən düşünülmüş, planlaşdırılmış, İranın müvafiq qurumları ilə razılaşdırımış, ehtimal ki, elə İran xüsusi xidmət orqanlarının özünün təşkil etdiyi terror aktıdır. İrandakı diplomatik missiyamıza əvvəllər də təhdid cəhdləri olub. Azərbaycan tərəfi təhlükəsizliyin təmin edilməsi ilə bağlı dəfələrlə İran qarşısında məsələ qaldırıb. Lakin Tehran nəinki bu müraciətləri nəzər alıb, hətta son dövrlər İranda anti-Azərbaycan kampaniyası geniş vüsət alıb. Bu qanlı hücumu da həmin kampaniyanın nəticəsi kimi dəyərləndirə bilərik.

Terror aktından sonra İran rəsmilərinin məntiqsiz açıqlamaları da şübhə doğurur. Tehran polisinin hadisədən sonra başqa yerə təyinat alan rəisi Hüseyn Rəhimi Azərbaycan səfirliyinə hücumla bağlı danışaraq guya hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə daxil olduğunu deyib. Guya atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum edib. Hər halda polis rəisi Azərbaycanın diplomatik missiyasının video müşahidə altında olduğunu, görüntülərin hadisə barədə daha dəqiq məlumat verəcəyini bilirdi. Bu yalan açıqlamarın məqsədi isə məsələnin məğzini başqa səmtə yönəltmək cəhdi idi.

Bəli, görüntülər Tehranın polis rəisinin gözünün içinə qədər yalan danışdığını sübut edir. Kadrlardan aydın olur ki, terrorçu  səfirlik əməkdaşlarının gəlişindən sonra binaya yaxınlaşır. Maşından tək düşür, əlindəki Kalaşnikov markalı silahla qapıda duran iranlı polisə nəinki atəş açmır, hətta onunla sanki salamlaşıb içəri keçir. İranlı polis isə heç nə olmamış kimi yerindən tərpənmir, Azərbaycanlıların köməyinə çatmağı özünə borc bilmir. Azərbaycan səfirliyinin bütün əməkdaşlarını qətlə yetirməyi planlaşdıran silahlı terrorçunun qarşısını da İran polisi deyil, məhz Azərbaycan səfirliyinin əliyalın qəhrəman əməkdaşı alır. İndi lap Xameneyinin özü and-aman eləsin, bunun terror aktı olmadığına, əvvəlcədən planlaşdırılmadığına kim inanar? <br>

İranın xarici işlər nazirliyinin sözçüsü Nasir Kənani səfirliyə qanlı hücum barədə danışarkən Azərbaycan tərəfinə başsağlığı verməyə mədəniyyəti çatmayıb. Halbuki bu hücuma görə İranın ali rəhbərindən tutmuş bütün rəsmiləri Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir. Azərbaycan səfirliyinə bu xain hücum terror yuvası olan ölkədə əslində heç bir səfirliyin, heç bir diplomatik missiyanın toxunulmazlığına zəmanət olmadığını göstərir.

İran tərəfinin məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə, bunu məişət hadisəsi kimi təqdim etməyə çalışması hücumun sifarişli olduğundan, İranın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyindən xəbər verir. İranın əli onsuz da həm birinci, həm ikinci Qarabağ müharibələrində Ermənistanı silahlandırmaqla Azərbaycanlıların qanına  batmışdı. Bu xain hücum isə din pərdəsi altında gizlənən mollaların düşmən münasibətini bir daha sübuta yetirdi.

Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən, konsulluq və səfirlik ərazisi həmin dövlətin suveren ərazisi hesab olunur. Demək, bu terror birbaşa Azərbaycan ərazisinə hücum sayılır.

İndi İranı özünə qiblə hesab edənlər gözlərini yaxşıca silməli, yekə açmalı və gec də olsa, həqiqətləri, fars rejiminin mahiyyətini görməlidirlər. İran bayrağını bağrına basanlar, başı üstünə Xomeneyinin şəklini asanlar, Xamneyeyiyə ağam deyib yalvaranlar bu terrordan sonra da mövqelərini dəyişməsələr, deməli Azərbaycan dövlətinin ən böyük düşmənləri elə onların özləridir. Bu terrora hər hansı şəkildə don geyindirməyin Vətənə xəyanətdən başqa adı yoxdur.