Gəncədə içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası davam etdirilir. 10 ildir icra edilən layihə çərçivəsində içməli su xəttinin 45, tullantı sularının axıdılması üzrə isə işlər 40 faiz yerinə yetirilib. 2023-cü ilin dövlət investisiya proqramında işlərin davam etdirilməsi məqsədilə vəsait ayrılıb.
Gəncəni dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Şəhərdə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncəyə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.
Layihəyə əsasən Gəncədə 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyədək içməli su şəbəkəsinin 375 km-lik, tullantı su şəbəkəsini isə 330 km-lik hissəsi inşa edilib. Layihəyə uyğun olaraq bu il 16 km içməli, 19 km tullantı su xətləri və kollektorların inşası nəzərdə tutulur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun görüşündə Gəncənin sosial-iqtisadi inkişafında içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində başlanılan işlər çərçivəsində hazırda şəhərdə paylayıcı şəbəkələrin tikintisi və sayğaclaşma işlərinin həyata keçirildiyinə diqqət çəkilib.
- Baxış: 288