• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 26.01.2023 16:18

Prezident: "Ermənistanın iddiaları tamamilə yalan və cəfəngdir"

KepezTV Player

Dekabrın 12-dən etibarən 1 000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub. Bu barədə Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən məlumat verib. Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib. Prezident İlham Əliyev deyib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir. Dövlətimizin başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın da etimadnaməsini qəbul edib. Dövləti başçısı Cənub Qaz Dəhlizinin ölkələrimizi birləşdirdiyini və bütöv bir regionun inkişafına töhfə verdiyini, ümumi maraq kəsb edən layihə olduğunu qeyd edib. Həmçinin Yunanıstanın Azərbaycan qazının digər Avropa ölkələrinə çatdırılmasında tranzit ölkə rolunu oynadığını vurğulayıb. Ölkələrimiz arasında enerji ilə bərabər, digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib.
Söhbət zamanı regional məsələlərə toxunulub, Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr haqqında məlumat verilb, yolun guya bağlı olması barədə Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu diqqət çatdırılıb.

Prezident İlham Əliyev Meksikanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edərkən ölkələrimiz arasında coğrafi məsafənin uzaq olmasına baxmayaraq, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyib. Səfir də ölkələrimiz arasında əməkdaşlıq üçün çoxlu imkanların mövcudluğunu qeyd edib, xüsusilə enerji, investisiyalar, elm, təhsil və digər sahələrdə geniş potensialın olduğunu vurğulayıb. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.