• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 22.01.2023 20:13

“Kəpəz” “Qəbələ” ilə oyunda qalibiyyət hədəfləyib

KepezTV Player

Qış fasiləsində Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bir neçə gündür Gəncədə məşqlərini bərpa edib. Komanda çempionatda keçirəcəyi “Qəbələ” ilə  oyuna hazırlaşır.

Sarı-göylər Türkiyədən qayıtdıqdan sonra bir günlük istirahətin ardından 3-cü dövrənin ilk oyunu üçün çalışmalara başlayıb. Məşqlərdə əsasən fiziki  yükləmələrə üstünlük verilsə də, Qəbələ ilə oyunöncəsi taktiki gedişlərə də diqqət yetirilir. Heyətdə cəza səbəbindən 4 oyunçu – Mate Kvikviya, Georgi Kantariya, Yeqor Xvalko və Elçin Əlicanov növbəti görüşdə “Kəpəz”ə kömək edə bilməyəcək. 2 həftəyə yaxın Antalyada təlim-məşq toplanışı keçən, 3 müxtəlif rəqiblə - MTK Budapeşt, Novi Pazar və Kaysarla yoxlama oyunu keçirərək 2 görüşü qələbə ilə başa vurub, 1-də heç-heçə edən dağlılar mövsümün ikinci yarısında daha iddialı çıxış etmək niyyətindədirlər. Türkiyə hazırlığını baş məşqçi Tərlan Əhmədov belə dəyərləndirib.

Çalışdırıcı qarşıdakı oyun haqda da danışıb. Təcrübəli mütəxəssis ilin ilk qarşılaşmasında yaxşı nəticə qazanmaq istədiklərini söyləyib.

Qəbələ ilə oyunqabağı futbolçular da baş məşqçi ilə eyni fikirdədilər. Komandanın üzvləri rəqiblə görüşdə qalib gələrək ilə müsbət əhval-ruhiyyədə başlamaq arzusundadırlar.

Antalyadakı təlim-məşq toplanışımız çox yaxşı oldu, qış fasiləsini maksimum dəyərləndirdik. Orada yoxlama qarşılaşmalarında göstərdiyimiz oyunlar həqiqətən ürəkaçan oldu. Qəbələ ilə oyuna hazırıq və düşünürəm ki, yaxşı nəticə əldə edəcəyik. İnanıram ki, qələbə qazanacağıq. Bütün komanda bu oyunda qalibiyyətə köklənib.

“Kəpəz”in yeni transferi Salif Sisse də sualarımızı cavablandırıb. Əcnəbi oyunçu Antalya toplanışı və Qəbələ ilə görüş haqda fikirlərini bölüşüb.

Salif Sisse “Kəpəz”in yeni transferi:Komanda yaxşıdır. Antalyada məşq prosesimiz əla keçdi. Mən komandaya biraz gec qoşuldum. Mənə qarşı hamının münasibəti çox yaxşıdır. Gəldiyim gündən etibarən baş məşqçi və komanda yoldaşlarım daha tez uyğunlaşmağım üçün mənə çox kömək etdilər. Düşünürəm ki, komanda əvvəlkindən daha yaxşıdır. Toplanışdakı qarşılaşmalar uğurlu alındı, yaxşı oyun sərgilədik və sevindirici hal o oldu ki qol buraxmadıq. Bu həqiqətən komanda üçün çox vacib amildir. Qış fasiləsi bizim üçün uğurlu oldu və hesab edirəm ki, mövsümün ikinci yarısında yaxşı işlər görüb, nəyisə dəyişməyə nail olacağıq. Qarşıdakı oyundan yaxşı nəticə ilə ayrılmaq istəyirik. “Kəpəz”in heyətində ilk rəsmi qarşılaşmamda 3 xal əldə edərək debütümə müsbət start vermək niyyətindəyəm.

Malili hücumçu “Kəpəz”ə transferinə də toxunub. O, komandanın yaxşı azarkeş kütləsinə malik olduğunu deyib.

Salif Sisse “Kəpəz”in yeni transferi:İnanıram ki, transferim komandaya əlavə güc qatacaq. “Kəpəz”ə qələbələr qazandırmaq üçün gəlmişəm. Mövqeyimə, statistik göstəricilərimə əsaslanaraq deyə bilərəm ki, komandaya əlimdən gələn qədər kömək etməyə çalışacam. Düşünürəm ki, burada olmağım komandaya çox şey qatacaq. Şuaybu və digər yoldaşlarımla birlikdə yaxşı oyun sərgiləyib yüksək mövqelərdə yer almaq istəyirik. Burada “Kəpəz”ə azarkeşlik edən xeyli futbolsevər var. Transfer olunmamışdan öncə çox sayda fanat mənə sosial şəbəkələr vasitəsilə yazırdı. Şəhər, klub və azarkeşlər haqqında məlumat verirdilər. Şəhər çox yaxşıdır, futbol diyarıdır. Bu da mənə pozitiv enerji verir.

“Kəpəz” Qəbələ ilə yanvarın 24-də 19-cu tur çərçivəsində üz-üzə gələcək. Doğma meydanda baş tutacaq qarşılaşma saat 14-də başlayacaq.