İranda daxili təlatümlər səngimir. Müxtəlif şəhərlərdə əhali rejimə qarşı çıxışlarını davam etdirir. Xalqından uzaqlaşan molla rejimi isə hər fürsətdə İslam dəyərlərini ayaq altına almağa çalışan Ermənistanla bir qədər də yaxınlaşır.
İşğalçı Ermənistana hərtərəfli dəstəyini əsirgəməyən molla rejimi növbəti dəfə özünü gülünc vəziyyətinə qoyub. Qarabağda Azərbaycanın məscidlərində donuz saxladan Paşinyanın arvadı Anna Akopyan İranda böyük sevgiylə qarşılanıb. Ölkənin birinci xanımı ilə İranın dini mərkəzi olan Qum şəhərində məscidi ziyarət edən Annanın hicab bağlaması da diqqətdən yayınmayıb. Bu yaxınlarda İrəvanla qardaşlaşan riyakar Tehran bu addımı ilə Ermənistana sevgisini bir daha nümayiş etdirmiş olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə molla respublikasının ikiüzlülüyünə belə münasibət bildirib: “Biz İranı qardaş bilmişdik. Amma sonradan gördük ki, bu qardaşın başqa qardaşı da varmış. Biz ögey qardaş imişik. Onlar öz səhvlərini başa düşəcək və geri addım atacaqlar”.
Cümə etirazları Sistan və Bəlucistan əyalətinin digər bölgələrində də baş tutub. "Diktatora ölüm olsun!", "Xameneyi həya et, ölkəmizdən əl çək!" kimi şüarlarla hakimiyyətdən narazılıqlarını ifadə ediblər.
Molla respublikasında anti-hökumət etirazları başlayandan bəri cəmiyyətin müxtəlif təbəqələri fərqli formada hökumətə öz etirazını bildirir. Tehranda narazı qüvvələr molla rejiminə və edamlara qarşı nifrətlərini bildirmək üçün "Dünya sizin üçün pusqudadır" yazılmış dar ağacını imitasiya edən kəndir asıblar.
Paytaxt divarlarında da molla rejiminə qarşı "Seyid Əlinin əbasından qan süzülür!" yazısına da tez-tez rast gəlinir.
İranın Babolsər şəhərində etirazçılar divarlara hökumət əleyhinə "SEPAH xalqın qatilidir!" şüarı yazıblar.
Xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazalarına hücumlar da davam edir. Gilan əyalətinin Rudsər şəhərində "Bəsic" qüvvələrinə məxsus qərargah azadlıqsevərlər tərəfindən yandırılıb.
İranda qaz problemi ilə bağlı acınacaqlı vəziyyət isə getdikcə kəskinləşir. Qaz balonlarını doldurmaq üçün uzun növbələr əhalini təngə gətirib. İnsanlar istilik sarıdan bir çox çətinliklərlə üzləşiblər. Zahedanda hâvanin kəskin soyuq keçməsi və qazın olmaması insanların məşəqqətini daha da artırıb. Ərdəbildə qazın kəsilməsi böyük quşçuluq təsərrüfatını məhv edib.
- Baxış: 307