Təqvimdəki 3 qara gündən biridir 20 yanvar. Adına qanlı yanvar, qara yanvar deyirik, ümumi xalq olaraq hüznlə qeyd edirik. Amma 20 Yanvar həm də Azərbaycan xalqının əzminin, iradəsinin, mətinlyinin bir daha öz təsdiqini tapdığı gündür.
1990-ci ilin bu günü Bakı səhərini qanla açdı. Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq, milli oyanışı boğmaq məqsədilə Bakıya yeridilən Sovet Ordusu gecə ilə əliyalın xalqa divan tutmuşdu. Dinc sakinlər qəddarlıqla qətlə yetirilmişdi. Küçələr qan gölünə çevrilmişdi - hər tərəfdə azadlığın ilk qurbanlarının meyitləri, sovet tanklarının əzdiyi maşınlar, güllə-boran edilən binalar... Bu misli görünməmiş vəhşiliyin törədilməsinin əsas məqsədi Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək idi. Lakin zaman göstərdi ki, bu məqsədlərin heç birinə nail olunmadı. 20 yanvar faciəsini törədənlər Azərbaycan xalqının əzmini qıra bilmədilər.
20 Yanvar hadisələri gözlənilənin əksinə olaraq, Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi, xalqı daha sıx birləşdirdi. Bütün Bakı əhalisi faciənin səhəri bir araya gələrək Vətən yolunda canını fəda edib ən uca zirvəyə yüksələnləri elə şəhərin uca hissəsində də torpağa tapşırdı. Onlar Şəhidlər Xiyabanının ilk sakinləri oldular. Bu gün Vətənin bütün şəhidlərinin ruhu şaddır. Çünki biz xalq olaraq, ölkə olaraq onların uğrunda canlarından keçdikləri amala çatmışıq. Bu gün Azərbaycan azad, müstəqil, qüdrətli bir dövlətdir. Şanlı ordumuzun şücaəti ilə itirilmiş torpaqlarımız geri qaytarılıb. Azərbaycan daha güclü, daha qüdrətli dövlət olmaq yolunda inamla irəliləyir.
- Baxış: 283