Bakıda narkotik satan iranlı tələbələr tutulublar. Onlar Tibb Universitetinin tələbələri olublar.
Daxil olan əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan Tibb Universitetinin tələbələri olan qeyd edilən ölkənin vətəndaşları Ata Maleki, qardaşı Pouya, həmçinin qohumu Ali Maleki və Shishen Maleki saxlanılıblar. Onların üzərindən və birgə yaşadıqları evdən 1 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitələr, narkotiklərin satışından əldə etdikləri külli miqdarda pul vəsaiti və elektron tərəzilər aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq İran vətəndaşları ilə birlikdə narkotiklərin satışında əlbir olan Heybət Həsənov da tutularaq istintaqa təqdim edilib. Bu şəxsdən isə 2 kiloqramdan artıq marixuana və 4 ədəd çətənə kolu aşkar olunub.
İlkin sorğu zamanı dəstə üzvləri “Araz” və “Hüseyn” adlı şəxsiyyəti istintaqla araşdırılan həmvətənlərinin göstərişi ilə Bakı şəhəri və Respublikanın digər bölgələrində narkotik vasitələrin onlayn satışını, həmçinin qanunsuz dövriyyəsini təşkil etdikləri bildiriblər. Bu məqsədlə dəstə üzvləri narkoşəbəkə yaradaraq müxtəlif yalan və şirnikləndirici vədlər müqabilində əsasən gəncləri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ata, Pouya, Ali və Shishen Malekilər, eləcə də Heybət Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 454