Yeniyetmə cüdoçular arasında ilin ilk ölkə birinciliyi keçiriləcək. Respublika yarışında gəncəli cüdoçular da iştirak edəcəklər.
Cavadxan yurdundan yarışa müxtəlif çəkilərdə zona birinciliklərinin qalibi olan idmançılar yollanacaqlar. 2006-2008-ci il təvəllüdlü kimano sahiblərinin qatılacağı yarışda əməkdar məşqçi Xanəhməd Rzazadənin yetirmələri də gücünü sınayacaq. Məşq bölməsinin 6 üzvü respublika mübarizəsində bacarığını ortaya qoyacaq. Onlardan 4-ü oğlan, 2-si qızdır.
Cüdoçular yarışa həm fərdi şəkildə, həm də federasiyanın dəstəyi ilə Nizami yurdunda fəaliyyətə başlayan cüdo mərkəzində, eləcə də ötən ilin sonunda qurumun məşqçiləri tərəfindən Göygöldə keçirilən təlim-məşq toplanışlarında hazırlaşıblar. Məşqçi Xanəhməd Rzazadənin yetirmələrinin ölkə birinciliyində yaxşı nəticələr əldə edəcəklərinə inamı böyükdür.
Respublika birinciliyi Bakıda yanvarın 23-dən 27-dən keçiriləcək. Gəncədən ümumilikdə 70-ə yaxın cüdoçu yarışda mübarizə aparacaq.
- Baxış: 464