• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 22.12.2022 20:11

İranda problemlər dərinləşir

KepezTV Player

Dörd aydır dava edən etirazlar fonunda İranda sosial-iqtisadi problemlər dərinləşməkdədir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, molla respublikası qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər. Bunun isə iğtişaşları daha da alovlandıracağı proqnoz edilir.
İran Prezidenti İbrahim Rəisi enerji istehlakının azaldılması, qaza qənaətlə bağlı göstərişlər verib. Hökumət rəsmiləri ölkədə qaz çatışmazlığından narahatdırlar. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun qənaətinə görə, bu, İranın qarşıdakı aylarda qaz çatışmazlığı ilə üzləşə bilmə ehtimalından xəbər verir. Nəticədə onsuz da həm sosial, həm iqtisadi çətinliklərdən əziyyət çəkən əhalinin rejimdən narazılığı daha da artacaq. Artıq indidən təbii qazın olmaması səsəbindən Gilan əyalətində idarələr və məktəblər bağlanıb.

Sentyabrın 17-dən bu günədək davam edən və ölkənin böyük hissəsini əhatə edən etiraz aksiyaları İran iqtisadiyyatına ciddi ziyan vurub. Bir sıra müəssisələrin əməkdaşlarının tətili, mağazaların rejimə etiraz əlaməti olaraq bağlanması, əhalinin bankalara etimad göstərməyərək pullarını geri çəkməsi buna təsirsiz qalmayıb.

Xalq hər vəchlə hazırkı rejimin hakimiyyətdə qalması ilə barışmayacağını göstərir. Müxtəlif şəhərlərdə gecə aksiyaları təşkil olunur, yollarda barrikadalar qurulur. Hökumət isə etirazların qanla yatırılmasında davam edir. Sosial mediada Xaş və Zahedan şəhərlərinə zirehli texnika daşınmasının görüntüləri yayımlanıb.

Edamlar isə davam edir. Barəsində ölüm hökmü çıxarılan daha 3 nəfərin yaşamaq hüququ əlindən alınıb. Edam olunanlar bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınlara qarşı soyğunçuluq, təcavüzdə ittiham olunurlar. Lakin ölkədə məhkəmə sistemi şəffaf olmadığından dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhə doğurur. Onların iğtişaşlarda iştiraka görə edam edildiyi ehtimal olunur.

Bu arada, BMT-nin baş katibi Antonio Quterreş molla respublikasında baş verənlərə münasibət bildirib. İranda insan hüquqlarının kütləvi şəkildə pozulduğunu, bunu qətiyyətlə pislədiklərini vurğulayıb. O, həmçinin İranla nüvə sazişinin dağılması ilə bağlı ciddi təhlükənin olduğunu, bu məsələnin regionda və dünyada sabitliyə mənfi təsir etdiyini deyib.

Ölkədəki gərginlik fonunda mollalar xarici əlaqələrinə yenidən baxmaq, Səudiyyə Ərəbistanı ilə aradakı buzları əritmək qərarına gəliblər. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əmmanda keçirilən Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Bağdad Konfransı çərçivəsində səudiyyəli həmkarı Feysəl bin Fərhan Al Səud ilə görüşüb. Abdullahiyan deyib ki, İran Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etməyə hazırdır. İranlı nazir bundan əvvəl iki ölkənin səfirliklərini yenidən açmağa və Səudiyyə tərəfi buna hazır olduqdan sonra normal münasibətlərə qayıtmağa hazır olduqlarını bəyan etmişdi. Xatırladaq ki, bir müddət əvvəl İranın Səudiyyə Ərəbistanına hücum etməyə hazırlaşdığı xəbəri yayılmışdı. Ərəb ölkəsi bu barədə kəşfiyyat məlumatları əldə edib və ABŞ-ı məlumatlandırıb. İranın hücuma hazırlığına cavab olaraq, Səudiyyə Ərəbistanı, ABŞ və bir neçə qonşu dövlət öz Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini artırıblar. Görünür, İran öz gücsüzlüyünün fərqinə vararaq geri addım atmalı olub.