İranda aksiyalar artıq 4-cü aydır ki, davam edir. İğtişaşların yenidən alovlanması isə xalqın sonadək mübarizə aparmaq əzmindən xəbər verir. Nə həbslər, nə işgəncələr, nə də edamlar molla rejimindən nifrət edən xalqın gözünü qorxuda bilmir.
Etiraz aksiyaları rejimin riyakarlığının, ikiüzlülüyünün ən yaxşı aynası oldu. Hicabı əxlaq rəmzi kimi təqdim edərək qadınlara qarşı olmazın cinayətlərinə imza atan mollaların özlərinin bütün əxlaqsızlıqları üzə çıxdı. Etirazlara qədər də hüquq müdafiəçiləri İran həbsxanalarında qadınlara qarşı həyata keçirilən şiddət, cinsi təcavüzlə bağlı həyəcan təbili çalırdılar. Aksiyalar başlayandan bəri isə bu vəziyyət daha da ağırlaşıb. Etirazçı qadınlar həbsxanalarda ən iyrənic üsullarla aşağılanır, təhqir olunur. Bu günlərdə Tehranda iğtişaşlara görə saxlanılan 14 yaşlı məktəbli də təhlükəsizlik qüvvələri nümayəndələrinin cinsi təcavüzünə məruz qalaraq ölüb. Onun anası isə övladının ölümünü ictimailəşdirmək istədiyini bildirdikdən sonra naməlum şəkildə yoxa çıxıb. Rejim kişi, qadın, yaşlı, gənc demədən hər kəsə qarşı amansız davranır. Bu gün İranda uşaqlar da edam təhlükəsi ilə üz-üzədir. Vəziyyətin günbəgün daha gərgin hal aldığını görən bəzi ölkələr isə vətəndaşlarını ən qısa müddətdə molla respublikasını tərk etməyə çağırır.
Politoloqun sözlərinə görə, İran daxilindəki inqilab xaricdən müəyyən dəstək aldıqdan sonra daha böyük vüsətlə davam edəcək. Etirazlarda ölkədə yaşayan bütün xalqların eyni güclə, eyni qüvvələrlə iştirak etməsi onu göstərir ki, molla rejiminin devrilməsi üçün unikal tarixi şərait yaranıb. Bunu da bəzi dairələr yəqin ki, əldən verməyəcəklər.
Politoloqlar hesab edirlər ki, bundan sonra İranda vəziyyət daha da gərginləşəcək.Dinc əhaliyə qarşı odlu silahdan istifadə edən repressiv qüvvələrə xalqın eyni dildə cavab verməsi də istisna edilmir. Mübarizənin silahlı dəstələr şəklində davam etdiriləcəyi ehtimal olunan variantlardandır. Əhali də hakimiyyətlə silah dilində danışmağa başlayarsa, mollaları hansı taleyin gözlədiyi bəllidir.
- Baxış: 356