Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gecədən başlayaraq dekabrın 21-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, havanın temperaturunun enəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhalini evlərdə qızdırıcı cihazlardan istifadə ilə bağlı, eləcə də, xüsusən dağlıq ərazilərdə yaşayış məntəqələrini tərk etmək məcburiyyəti yarandıqda müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
Baş Dövlət Yol Polisi İdarəsi də verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edir.
- Baxış: 270