• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1956
— 17.12.2022 20:00

Uşaqlar arasında virus infeksiyası geniş yayılıb

KepezTV Player

Son zamanlar uşaqlar arasında virus infeksiyası geniş yayılıb. Həkimlər valideynləri maximum diqqətli olmağa çağırır. Səhiyyə Nazirliyinin xəbərdarlığı da məsələnin aktuallığından xəbər verir. 

Payız və qış aylarında uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. Onun yayılmasına soyuq havalarla yanaşı, həm də uşaqların bir-biri ilə daha çox ünsiyyətdə olduğu məktəb və bağçaların fəaliyyəti şərait yaradır. Məhz bu səbəbdən virus infeksiyalarına daha çox məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında rast gəlinir. Həmin infeksiyaların yayılmasına əsas səbəb kollektiv yerlərdə qripi törədən adeno, rino, rota, para qrip kimi yüzlərlə virusların olmasıdır. Qrip virusları ağır fəsadlarla nəticələnə bilən xəstəliklərə aid edilir. Çox vaxt isə valideynlər məsuliyyətsizlik edirlər, uşaqları evdə sağaltmağa çalışırlar. Bu isə sonda xoşagəlməz hallara yol aça bilir. 

Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə, bağçaya göndərilməsin, təcrid olunsun. Bu zaman mümkün qədər uşaqların immun sisteminin möhkəmləndirilməsinə, xüsusən də qidalanmasına fikir verilməlidir.

 

Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasından aldığımız məlumata görə, əvvəlki aylarla müqayisədə qəbul edilən uşaqların sayında 3-4 dəfə artım var. Yəni gündəlik 4-5 nəfərdən 15-20 nəfərə qədər artım qeydə alınıb. Odur ki, uşaqların sağlamlığına diqqət etmək, qrip və respirator virus infeksiyalarından qorumaq üçün həkim tövsiyyələrinə mütləq şəkildə əməl edilməlidir.  

Nərgiz Əhmədqızı