• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 17.12.2022 20:10

Molla rejiminin qürub çağı

KepezTV Player

İranda etirazlar artıq 4-cü ayına keçib. Xalqın aqressiyası da getdikcə artır. İş o yerə çatıb ki, əhali rejimin cinayət əməllərinə şərik olmamaq üçün banklardakı əmanətlərini geri götürür.
Hazırda İranın pul vahidi rial dünyada ən dəyərsiz pula çevrilir. İranın bankları da boşalır. Əmanətçilər vəsaitlərini daha banklarda qoymaq istəmirlər. Bunu isə belə izah edirlər ki, pullar banklarda qalarsa, hakimiyyət ondan xalqı əzmək üçün istifadə edəcək. Hökumət isə bankların nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib. Görünən odur ki, rejimə etimad 0 həddinə yaxınlaşır.

Küçələrdə etirazlar, etirazlarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Xamenei qatildir, hökuməti batildir!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneiyə ölüm!” şüarları əksilmək bilmir. Repressiv qüvvələr isə xalqa qarşı qəddarlığı davam etdirir. Rejim nümayəndələrinin Kərəc şəhərində bir qadın və bir kişini vəhşicəsinə həbs etməsinin görüntüləri hiddətlə qarşılanıb. Etirazlara görə həbs edilənlərə qarşı isə ədalətsiz və saxta ittihamlar irəli sürülür. Daha 26 nəfər də edam təhlükəsi ilə üz-üzədir. İranda vəziyyət getdikcə acınacaqlı hal alır.

Xalqı daim zülm altında, zülmət içində saxlayan repressiv rejim geri dönüşü olmayan bir yoldadır. Tarix isə öz xalqına qarşı amansız davrananların bağışlanmadığını göstərir. Səddam Hüseyn, Müəmmar Qəddafı, Nikolae Çauşesku, Slobodan Miloşeviç... və sair. Ömrü bitmək üzrə olan mollaları da eyni aiqbətin gözləmədiyinə heç kim zəmanət verə bilməz.