• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2399
— 04.12.2022 19:21

“Sumqayıt” mövsümün ilk qələbəsini Gəncə qazandı

Futbol üzrə Azərbaycan premyer liqasında 16-cı tura yekun vurulub. Son oyun günü Kəpəz kubokda mübarizədən kənarlaşdırdığı Sumqayıtı qəbul edib.

Qarşılıqlı hücumlarla başlayan görüşdə ilk təhlükəli vəziyyəti qonaqlar yaradıb. Sol cinah asmasından sonra Filipe Çabi yumşaq mərmini başıyla çərçivəyə ünvanlasa da, Orxan Sadıqlı qola izin verməyib. İlk yarının son dəqiqələrində bu dəfə meydan sahibləri hesabı açmağa yaxın olublar. Əvvəlcə Mixeil Erqemlizdenin baş zərbəsini rəqib qapıçı zərərsizləşdirib, epizodun davamında isə Yeqor Xvalkonun vuruşunu müdafiəçi qapı xəttindən çıxarıb. Birinci hissə 0:0 hesabıyla bitib. Fasilədən sonra aktiv olan gəncəlilərin hesabı açmaq üçün fürsəti olsa da, Fərid Nəbiyevin yerinə yetirdiyi cərimə zərbəsini Sumqayıtın qolkiperi zərərsizləşdirib. Buna cavab olaraq Riçard Qadzenin baxımlı vuruşuna sarı-göylərin əlcək sahibi möhtəşəm reaksiya verib. 83-cü dəqiqədə gənclik şəhərinin təmsilçisi azlıqda qalıb. Vüqar Mustafayev kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Belədə “Kəpəz”in say üstünlüyündən istifadə edərək qalib gəlmək imkanı olsa da, əksi baş verib. 89-cu dəqiqədə Vurğun Hüseynov qapıya düşərək komandasını önə keçirib. Bu hesabı sonadək qoruyan Samir Abbasovun yetirmələri yekunda minimal hesablı qələbəyə seviniblər. Beləliklə kubokdakı məğlubiyyətin əvəzini çıxan Sumqayıt həm də bu mövsüm ilk 3 xalı aktivinə yazdırıb.