• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1641
— 24.11.2022 16:17

Prezident İlham Əliyev Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul edib

KepezTV Player

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi, Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Vatikan səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Vatikanın ölkəmizdə yeni təyin olunan səfiri Marek Solçinskinin etimadnaməsini qəbul edib. İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu deyib və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev Moldova səfirinin etimadnaməsini qəbul edib

Dövlətimizin başçısı Moldova səfiri Aleksandr Esaulenkonun etimadnaməsini qəbulu zamanı ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb və konkret sahələr üzrə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Prezident İlham Əliyev Liviya səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Liviya səfiri Ali Salem Naserin etimadnaməsini də qəbul edib. Dövlət başçısı Azərbaycan və Liviyanın həmişə bir-birinə dost olduğunu diqqətə çatdırıb. Həm işğal dövründə, həm də işğaldan sonra Ermənistan-Azərbaycan məsələsi ilə bağlı ölkəmiz həmişə Liviyanın dəstəyini görüb.