• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 23.11.2022 20:28

"Kəpəz" mərhələ adlayaraq "Turan Tovuz"a rəqib oldu

KepezTV Player

Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. 1 qarşılaşmadan ibarət olan bu mərhələdə maraqla gözlənilən görüşlərdən birində “Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edib.

Gücləri bərabər qiymətləndirilən komandaların duelində meydan sahibləri görüşə daha istəkli başlayıblar. Start fitindən dərhal sonra rəqib qapısına yüklənən sarı-göylər 9-cu dəqiqədə hesabı açmava müvəffəq olublar. İki gürcü oyunçunun tandemində Mate Kvirkviyanın sol cinah asmasını Mixeil Erqemlidze başıyla tora salıb. Qoldan sonra da hücumlarının kəsərini artıran dağlılar hesabı artırmağa yaxın olsalar da, bunu bacarmayıblar. Əvvəlcə Nicat Süleyamanovun zərbəsi azacıq qapıdan aralı keçib. İlk yarının sonuna yaxın isə qolun sahibi Erqemlidzenin vuruşunu rəqib qolkiper zərərsizləşdirə bilib. Fasiləyə tərəflər Kəpəzin 1:0 hesablı üstünlüyü ilə yollanıblar. İkinci hissəyə qonaqlar daha aktiv start veriblər. Hətta gənclik şəhərinin təmsilçisi epizodlardan birində qapıya düşsə də, oyundan kənar vəziyyət olduğu üçün qol qeydə alınmayıb. Qarşılaşmanın sonunadək gəncəlilərin iki dəfə fərqlənmək imkanları olub. İlk olaraq Mate yaxın məsafədən yumşaq mərmini qapıya göndərə bilməyib. Daha sonra isə Mixeil Erqemlidzenin dubl etməsinə dirək mane olub. Yekunda  minimal hesabla qalib gələn “Kəpəz” növbəti mərhələyə adlayıb. ¼ finalda Nizami yurdunun kollektivinin rəqibi “Turan Tovuz” olacaq.