• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 684
— 17.11.2022 20:44

İran: iğtişaşdan inqilaba

KepezTV Player

İranda etirazlar artıq iki aydan çoxdur ki, davam edir. Hökumət qüvvələri iğtişaşların yatırılması üçün nə qədər sərt üsullardan istifadə edirsə, xalqın aqressiyası bir o qədər artır. İran əhalisinin mütləq əksəriyyətini təşkil edən güneyli soydaşlarımızın Azərbaycan sevgisini açıq-aşkar şəkildə ifadə etməsi, bütövləşmək arzusu isə mollaların canına od salır.

 

Hazırkı rejimin hakimiyyəti dövründə İranda zaman-zaman etirazlar baş verib. Lakin heç biri indiki qədər kəskin olmayıb. Ekspertlər hazırda İranda gedən prosesləri etirazdan çox inqilaba bənzədirlər. “Xameneyiyə ölüm”, “Diktatora yox”, “Seyid Əli devrilməlidir!” kimi şüarlar səsləndirən xalqın konkret tələbi var: rejim hakimiyyətdən getməlidir. Ölkənin bir çox şəhərlərində həmkarlar ittifaqları, istehsal müəssisələri, sahibkarlıq subyektləri, mağazalar fəaliyyətini dayandıraraq tətil elan edib. Qadınların, uşaqların öldürülməsi, edamlar, fəalların həbslərinin artması, etirazçılara qarşı zorakılıq, işğəncələr, iğtişaşların amansızlıqla yatırılmasına cəhdlər is’ gözlənilən nəticəni vermir. Azadlıq uğrunda etirazlar davam etdikcə molla rejiminin qəddar üzü açılır, xalqın isə hakimiyyətə nifrəti artır.

40 ildən çoxdur molla rejiminin təzyiqləri altında yaşayan, dili, mədəniyyəti əlindən alınmağa çalışan cənubi azərbaycanlılar azadlığın nəfəsini duyurlar. Arazın bu tayındakıların Təbriz eşqi kimi, güneyli soydaşlarımız da Bakı həsrətində, birlik, bərabərlik arzusundadırlar. İndi cənubi Azərbaycan şəhərlərində divarları Prezident, müzəffər ali baş komandan İlham Əliyevin şəkilləri bəzəyir. Güneylilər “Vətənimizin o tayı, bu tayı yoxdur!”, “Biz böyük Azərbaycanıq!", “Azərbaycan dövləti öz dövlətimiz, Azərbaycan Prezidenti öz prezidentimizdir” deyirlər. İran əhalisinin təxminən 40 faizini təşkil edən azərbaycanlıların bu çağırışları təbii ki, Tehran üçün ciddi və qorxulu siqnaldır. Son zamanlar İran rəsmilərinin Azərbaycana qarşı artan təhdidedici, böhtan xarakterli bəyanatlarının arxasında dayanan amillərdən biri və bəlkə də birincisi elə budur.

İran hər zaman Azərbaycanın uğurlarına qısqanclıqla yanaşıb. Vətən müharibəsindəki qələbədən sonra isə Tehran riyakar münasibətini artıq heç cür gizlədə bilmədi. Burada səbəb kimi bir çox amilləri göstərmək olar. Onlardan biri də odur ki, böyük zəfərdən sonra cənublu soydaşlarımızda böyük bir özünəinam hissi formalaşdı, azadlıq arzusu gücləndi. İranın daxilindəki hazırkı vəziyyət isə bu arzunun reallaşmasının çox da uzaqda olmadığını göstərir.