• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 14.11.2022 20:15

İranın narkotik siyasəti və manqurtlaşan beyinlər

KepezTV Player

Bəşərin ən qorxulu bəlası narkotik və narkomaniya. Mövzu da səbəbləri də kifayət qədər genişəhatəlidir. Amma bu dəfə bu bəlanın İran adlı əhatəsindən danışacayıq. O İran ki, kriminal xəbərlərində adını tez-tez eşidirik. Məsələn "İrandan Azərbaycana filan miqdarda narkotik keçirilməsinə cəhdin qarşısı alınıb" kimi... Yəni islamsız və imansızların mükəmməl bacardıqları işlər sırasında "ağ ölüm"ü yaymaq başda gəlir. Etdikləri başlarına gəlsin...Gəlir də...Çox hallandırdılar. İndi haldan-hala düşürlər. Tehrandan İrəvana düşdükləri kimi... Hallanıb düşənlər təkcə onlar deyil, bizdə də var elələri. Həmin kəsləri isə narkotik yox, molla rejiminə olan sevgi hallandırır. Həm də marixuanadan betər...

Bu xəbərlərin nə sayı var, nə hesabı. Azərbaycanın quru sərhədi əksər hallarda cənubdan pozulur. İran Azərbaycana narkotiklərin ən çox keçirildiyi ölkədir. Bu da səbəbsiz deyil. Bu ölkə ümumiyyətlə dünyada narkotiklərin yayılmasında böyük pay sahibidir. Bu barədə ABŞ Dövlət Departamentinin, Avropa təşkilatlarının hesabatlarında çox sayda konkret faktlar var. Molla respublikası islam adı altında pərdələnərək dünyaya ağ ölüm yayır. İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın əsas gəlir yeri də məhz narkotik ticarətidir. İraq, Suriya, Yəməndə, eləcə də digər ölkələrdə İranın məqsədyönlü fəaliyyətləri məhz bu gəlirlərlə reallaşdırılır.  Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqları da Tehranın narkotik ticarəti üçün əsas meydan idi. İran Qarabağ ərazisindən həm narkotiklərin becərilməsi, həm də Avropaya daşınması üçün istifadə edirdi.

Bu günlərdə DTX İran xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı fəaliyyətini ifşa edən növbəti uğurlu əməliyyat keçirib. Azərbaycan vətəndaşlarından ibarət olan casus şəbəkəsinin əməllərinin üstü açılıb. Müəyyən edilib ki, sapı özümüzdən olan baltalar xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzərdə Hərbi Dəniz Qüvvələrinin təlimləri, neft platformalarına daşınan yüklər, neft və qaz boru kəmərlərinin keçdiyi ərazilər, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər barədə məlumatları İran xüsusi xidmət orqanlarına ötürürmüşlər. Iran isə bu məlumatları yalnız özü üçün deyil, tarix boyu əli azərbaycanlıların qanına batmış Ermənistan üçün toplayırmış.

Tehranın manqurtlaşdırdığı azərbaycanlıların İran sevgisinin Vətən sevgisindən üstün olması böyük dərddir. Aydın olur ki, İrana müalicəyə gedənlər şəfa tapmaq əvəzinə ən ağır xəstəliyə - Vətənə xəyanət virusuna yoluxurlar. Qumda azərbaycanlılara dini təhsil verilmir, vətən xaini olmaq öyrədilir. İranpərəstlərin oturub düşünməli olduqları çox məqamlar var.

Molla rejiminin iç üzü isə içəridə də aydın olur. İran yavaş-yavaş islam inqilabından əvvəlki dövrə qayıdır. Qadınlar küçədə başı açıq gəzməkdən çəkinmirlər. Gənclər hökumətin geyim qadağasına məhəl qoymurlar.  Etirazlar getdikcə daha da güclənir. Xalq “Azad İran” hədəfinə çatmaq üzrədir.