• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 09.11.2022 20:35

Zəfərdən doğulub şərəflə ucalan bayrağım!

KepezTV Player

Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma öz hakimliyim! Üçrəngli bayraq Şərqin ilk demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, dünya azərbaycanlılarının mənəvi birliyinin simvolu, müstəqil Azərbaycanın dövlət rəmzidir. Zəfərdən doğulan, zəfərlə ucalan şanlı bayrağımız. Bu gün Azərbaycan üçrəngli bayrağı ilə məsud yaşayır.

Birinci Qarabağ müharibəsində «Qarabağ şahinləri» dəstəsi Ağdamın Pirlər kəndində bir yüksəkliyin azad edilməsi uğrunda döyüşə girir. Çox sayda şəhid hesabına yüksəklik alınır. 31 nəfərlik batalyondan sağ qalan 6 nəfər ərazidəki qədim alban kilsəsinə sığınır. Ermənilər hücum edərək yüksəkliyi ələ keçirmək istəyirlər. Daha beş döyüşçümüz də şəhid olur. Sağ qalan yeganə əsgərimiz Natiq Qasımov 5 gün təkbaşına gecə-gündüz vuruşaraq düşməni bu posta yaxın qoymur. Ermənilər kilsədə bir batalyon döyüşçü olduğunu düşünürlər. Əsir götürdükləri 22 Xocalı sakinindən birini Azərbaycan bayrağı sancılmış kilsəyə göndərirlər – ya ordakılar təslim olmalıdırlar, ya da 22 nəfərin hamısı güllələnəcək. Kilsəyə daxil olan xocalılı müəllim Cəfər Cəfərov orada yalnız bir nəfərin olduğunu görür, ermənilərin fikrini Natiq Qasımova çatdırır. Qəhrəman döyüşçü bir an fikrə gedir. Azərbaycan bayrağını kilsənin üstündən çıxararaq sinəsinə sıxır və 22 nəfərin həyatını xilas etmək üçün ermənilərə əsir düşür.

O gündən bu yana taleyi naməlum olan Natiq Qasımovun, onun kimi minlərlə, on minlərlə, milyonlarla igid oğul və qızın şərəfi ilə ucalıb üçrəngli bayrağımız. Azərbaycan əsgəri bayrağa and içir, onu ürəyinin üstünə qoyub döyüşə girir, o bayraq uğrunda qan tökür, can verir və elə o bayrağa da sarılıb torpağa qarışır, Vətən olur. Bu qədər müqəddəsdir üçrəngli bayrağımız! And yerimiz, qürur mənbəyimiz! Vətən övladlarının ilk sevgisi, şəhid atalarının son təsəllisi, zəfərin müjdəçisidir bayrağımız!

Bütün meydanlarda ona söykənərək güc alırıq! Odur bizi qələbədən qələbəyə aparan!

İlham Əliyev Azərbaycan Prezidenti:2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Ali baş komandan sözünün üstündə durdu. Qüdrətli Azərbaycan ordusu bu tapşırığı yerinə yetirdi. Azərbaycan xalqı bu sevinci yaşadı. Bu gün üçrəngli bayrağımız azad olunan torpaqlarda - Ağdamda, Füzulidə, Laçında, Şuşada dalğalanır.

İlham Əliyev Azərbaycan Prezidenti:Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Bu gün müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı xristian qərbində də, müsəlman şərqində də şərəflə dalğalanır! Ulu öndərin dediyi kimi, Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin, müstəqil dövlətimizin rəmzidir. Azərbaycan bayrağı bizim qürur mənbəyimizdir! Minlərlə oğulun qanı-canı bahasına bir kərə ucaldı və bir daha enməyəcək!