• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 02.11.2022 20:12

Əlcəzair və Azərbaycanın oxşar taleyi

Ötən gün Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirildi. Sammitə Liqanın 22 üzv dövlətindən əlavə fəxri qonaq qismində dəvət olunan cəmi 4 nəfərdən biri Azərbaycan Prezidenti İlham Əliyev idi. Məlum həqiqətdir ki, bu amilin özü bir çox mətləblərdən xəbər verir. Bu, Azərbaycan prezidentinin beynəlxalq nüfuzunun, dünyada ona olan inamın böyüklüyünün göstəricisidir. Biz isə sıradakı süjetdə Əlcəzairin Azərbaycanla oxşar taleyindən danışacağıq.

Zirvə toplantısının vaxtı təsadüfən seçilməmişdi. 1 noyabr Əlcəzair xalqı üçün önəmli tarixdir. 132 il fransızların müstəmləkəçilik siyasətindən əziyyət çəkən əlcəzairlilər 1954-cü il noyabrın 1-də başlayan milli azadlıq hərəkatı nəticəsində öz müstəqilliklərinə qovuşublar. Azərbaycanın tarixən dini və mədəni dəyərlərlə bağlı olduğu ərəb ölkələri ilə yaxşı münasibətləri olub. Əlcəzairlə isə bizi həm də oxşar talelər birləşdirir. Bu ölkə nə az, nə çox, 132 il Fransanın işğalçılıq siyasətinin qurbanı olub. Necə ki, Azərbaycan əraziləri məhz həmin Fransanın dəstəklədiyi Ermənistan tərəfindən işğal və uzun müddət talan edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 mart, Xocalı, Bağanis Ayrım, Ağdaban, Ballıqaya və digər soyqırımlar kimi, fransızlar da Əlcəzair xalqının soyunu kəsmək istəyib. 132 il ərzində 1,5 milyon əlcəzairli qətlə yetirilib. Qarabağda bir ovucluq erməninin statusuna görə narahat olan Fransa 11 milyonluq əlcəzairliyə muxtariyyət verməkdən belə imtina edib. Fransanın Əlcəzairdə törətdiyi qətliamlar, insanlıq əleyhinə cinayətlər çoxsaylı sübut və faktlarla öz təsdiqini tapsa da, hələ də cəzasız qalıb. Eynilə azərbaycanlılara qarşı bəşəri cinayətlər törətmiş Ermənistan kimi. Əlcəzairlə Azərbaycanı birləşdirən bir ortaq nöqtə də var: mina problemi. Bu il dövlət müstəqilliyinin 60-cı ildönümünü qeyd edən Əlcəzair hələ də mina və partlamamış hərbi sursat problemindən əziyyət çəkir. Eynən Azərbaycan kimi. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan çox mina basdırıb. 2020-ci ilin 10 noyabrında üçtərəfli bəyanatın imzalanmasından bu yana minaya düşən azərbaycanlıların sayı 270-ə yaxındır. Azərbaycan Xalq Cümhuriyyətinin arxivini özündə saxlayan Fransa Əlcəzairdən oğurladığı arxiv sənədlərini də geri qaytarmır. Parisdə Fransanın müstəmləkəsi olan ölkələrin xalqlarına məxsus kəllə sümüklərinin nümayiş etdirildiyi muzey var. Həmin 21 min kəllədən 500-ü əlcəzairlilərə məxsusdur. Bu həmin Fransadır ki, Bakıda qənimətlər parkının açılışını kəskin tənqid edirdi.

Bir xristian ölkəsinin bir müsəlman ölkəsinə etdiklərindən danışdıq. İndi isə bir müsəlman ölkəsinin başqa müsəlman ölkəsinə münasibətindən bəhs edəcəyik. İslam Respublikası İran. Azərbaycan tarixi ədaləti bərpa edərək öz gücü ilə torpaqlarının işğalına son qoydu. İndi münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması, davamlı sülhün təmin olunması kimi region üçün həyati vacib məsələlərin müzakirəsi aparılır. Lakin belə bir şəraitdə İran əli hər yerdən üzülən Ermənistana qucaq açmaqla bölgədə vəziyyəti dəyişməyə cəhd edir. Ermənistanın baş naziri Nikol Paşinyan nə Praqada, nə KTMT-yə üzv ölkələrin görüşündə, nə də Soçidə özünə həmfikir tapdı. Belədə son ümid yeri kimi İran qalırdı. Amma İrəvan unudur ki, Tehran öz müstəqil siyasətini yürüdən Bakıya təsir etmək gücündə deyil.

İranın əsl siması da, niyyəti də, Azərbaycana qarşı bədməramlı münasibəti də aydındır. Bu günlərdə bu ölkənin xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmənin ifşası faktını xatırlatmaq kifayətdir. Yoxsa müsəlman ölkələrinin kifayət qədər yaxın olmasını özünə dərd bilən İranın Azərbaycana qarşı münasibətdə qeyri-adekvatlığını başqa nə ilə izah etmək olar?