• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 29.10.2022 20:18

Cənubi azərbaycanlıların milli kimlik mübarizəsi

KepezTV Player

Deyir bir xalqı məhv etmək istəyirsənsə, öncə onun dilini əlindən al. Uzun illərdir İran da cənubi azərbaycanlılara öz dilini, bu yolla da milli kimliyini unutdurmaq istəyir. Bu səbəbdəndir ki, 35 milyonluq xalqın bircə məktəbi belə yoxdur İranda. Amma Azərbaycana və azərbaycanlılara qarşı digər bəd niyyətlər kimi bu da bir fayda vermir. Xalq öz dilini böyük sevgi ilə yaşadır.
Cənublu soydaşlarımız bir daha təsdiqləyirlər ki, həqiqətən də ana dilim ölən deyil, başqa dilə dönən deyil! İnsan heç bir halda öz hissini, düşüncəsini, sözünü, fikrini ana dilindəki kimi ifadə edə bilməz. Bütün xalqların bərabər hüquqlarla yaşadığı, bütün mədəniyyətlərin qorunub yaşadıldığı Azərbaycanın cənubunda azərbaycanlılar – cənubi azərbaycanlılar illərdir öz dillərinin, mədəniyyətlərinin yaşadılması uğrunda mübarizə aparırlar. Onların bu təbii hüquqları məqsədli şəkildə pozulur, İranda azərbaycanlılar bilərəkdən fars rejiminin istismarı altında əzilirlər. Milli kimliklərinin unutdurulması farslaşdırma siyasətinin başlıca istiqamətidir.
Farslar türklərin qüdrətini tarixən yaxşı bilirlər. Əbəs yerə deyil ki, İran Azərbaycana qarşı gizli apardığı düşmənçilik siyasətini məhz 44 günlük müharibədə böyük Qələbənin qazanılmasından sonra pərdələməyi bacarmadı. Tehran azərbaycanlıların nəyə qadir olduğuna bir daha şahidlik etdi. Özü üçün daha da narahat oldu, Ermənistana bir az da yaxınlaşdı. Ermənilərin azərbaycanlıların mənəvi paytaxtı Təbrizdə konsulluq açmaq niyyətinə müsbət münasibətləri də bundan xəbər verir. Bu addımın arxasında nə dayandığı da, İranın bununla nə demək, nə etmək istədiyi də aydındır.
Tehran Təbrizin azərbaycanlılar üçün nə demək olduğunu yaxşı bilir. Təbriz gözümüzün arzusu, qəlbimizin sızıltısıdır. Tez-tez eşitmək üçün övladlarımıza verdiyimiz addır Təbriz. İran azərbaycanlıların dəyərlərini də heçə sayır. Yoxsa neçə min illik tarixin şahidi Urmiya gölünün quruması fəlakətinə belə laqeyd münasibət sərgilənməzdi.
İran indi öz əkdiyini özü biçir. Artıq daxildən parçalanmaq üzrədir. Etiraz aksiyalarının miqyası və əhatə etdiyi şəhərlərin sayı getdikcə artır. Artıq o vaxt çatıb ki, cənubi azərbaycanlılar da ədaləti özləri bərpa etsinlər.