• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 26.10.2022 20:55

Sakinlər haray çəkir, rəsmilər rəy gözləyir

KepezTV Player

Hər dəfə biz televiziya olaraq siz sakinlərin problemlərini efirimizdə nümayiş etdirərək aidiyyatı qrumları məlumatdırırıb, bunun həllinə çalışmışıq. Elə bu dəfə də missiyamız eynidir. Televiziyamıza müraciət edən sakinlərin yaşadıqları binanın qəzalı vəziyyət olmasından danışacağıq. İllərdi təhlükə ilə üz-üzə qalanların aqibətindən sizi də xəbərdar edəcəyik.

Gəncənin Əziz Nəzərov küçəsində yerləşən 6 saylı bina ötən əsrin 60-cı illərində inşa edilib. Dörd mərtəbəli tikilidə yaşayan 40-a yaxın ailə isə burada yaşamağa çalışır. Divarları çat, mənzilləri nəm, otaqları istifadəyə yararsız binada.

Bura Əziz Nəzərov küçəsi bina 6-nın sakinlərinin yaşadıqları məzillərdən biridir. Gördüyünüz kimi mənzilin otağı çox bərbad vəziyyətdədir. Otağın dağınıq, uçuq vəziyyətdə olmasına baxmıyaraq sakinlər burada yaşamaq məcburiyyətindədir. Sakinlərin burada yaşaması isə onların həyatları üçün olduqca təhlükəlidir.

Cəmilə Rzayeva  sakin: Qorxa-qorxa yaşıyırıq. Səs gəlir, gurultu gəlir uşaq qışqırır, ağlayır. Nə qədər belə qorxu içində yaşıyaq. Bizim yaşımız gedib, cavanlar əziyyət çəkməsin. Körpələrə bir şey olsa kim cavabdeh olacaq.

Binanın eyvanlarına da çıxçaq təhlükəlidir. Beton plitələr uçmaq təhlükəsi ilə üz-üzədir. Üstü açıq elektirik naqilləri, məsamələri olan döşəmələr, aşınan pilləkənlər də təhlükədən xəbər verir.

Vidadi Əliyev  sakin: Bizdə vəziyyət odur ki, evlərimiz uçur. Bizə bir yol göstərsinlər, kömək etsinlər.

Şərakət Qurbanova  sakin: Bizim binalarımız qəzalı vəziyyətdədir. Otaqlarımıza giriləsi deyil. Piləkənlərdən qorxurum. Eyvana nəvələrimiz söykənəndə uçur. Başımıza daş tökülür, evlərimizdə çat var. Gecə yata bilmirik, binamızda səs gəlir. O bina uçandan sonra nəvələrimiz onun altında qalandan sonra nə etməliyik. Öləndən sonra bizə bina lazım deyil, indi laımdır.

Mehriban Əmiraslanova sakin: Az külək olan kimi dəmirlər silkələnir. Üçüncü mərtəbənin dəmirləri əsir. Uşaqlar oradan keçəndə qorxa-qorxa keçirlər ki, yıxılarlar. Çox uşaqlı analar var, içidə mən qarışıq xahiş edirik ki, gəlsinlər binamıza əncam qılsınlar. Bizi bir tərəfə çıxarsınlar.

Bizdə sakinlərin çıxmaq istədiqləri tərəfi sorağı ilə üz tutduq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə. Balanslarında olan bina barədə verilən cavab isə belə oldu.

Vüsal Balayev Gəncə şəhər MKTB-nin rəsmisi: Bina Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin balansındadır. Həmin bina uzun müddət 3 saylı TRESTİN balansında olub. Həmin binanın  3 saylı TRESTİN balansında olduğu müddətdə və ondan sonrakı vaxt da binada qismən təmir işləri aparılıb. Eyni zamanda binanın dam örtüyü də dəyişdirilib. Hazırda binanın qəzalı vəziyyətdə olmasının Fövqalada Hallar Nazirliyinin Tikintiyə Nəzarət idarəsində ekspertiza şöbəsi nəzarət edir. Yalnız onların binanın yararlı və ya yararsız olmaları haqqında rəy verməsindən sonra yəni sırf mütəxəsis rəyindən sonra bina haqqında fikir söyləmək olar.

Görünən odur ki, hələ binanın təmiri və ya sökülərək yenisinin tikilməsi barədə dəqiq rəy yoxdur. Lakin insan həyatından söhbət getdiyini nəzərə alsaq qərar nə qədər tez verilsə bir o qədər yaxşı olar. Həm binada yaşayanlar, həm də binaya cavabdeh olanlar üçün.

Elnur Vahidoğlu