• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 20.10.2022 09:39

Prezident Ağalıda yerli sakinlərlə görüşüb

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım azad olunan ərazilərdə həyata keçirilən layihələrlə tanış olub, açılışlarda, təməlqoyma mərasimlərində iştirak edib, Ağalıda yerli sakinlərlə görüşüblər.

Prezident İlham Əliyev və birinci xanım Zəngilan rayonunda olublar

Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib. Prezident İlham Əliyevə yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verilib. Bu yol işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.

Prezident İlham Əliyev Cəbrayılda "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı yarımstansiya və idarəetmə mərkəzinin təməlini qoyub. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə olan tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək.

Prezident “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.Yarımstansiyanın sayəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin etmək, həyata keçiriləcək meqalayihələrin tələbatını qarşılamaq, Cəbrayıl-Naxçıvan-Ağrı yarımstansiyaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvanı Azərbaycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq.

Prezident Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub. Layihələr Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının yaradılması və magistral boru kəmərinin tikintisi məqsədilə verilmiş tapşırıqların icrası olaraq Meliorasiya və Su Təsərrüfatı tərəfindən hazırlanıb.Dövlət başçısı Qubadlıda "Azərişıq"ın 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib,

Mərkəz Qubadlı şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarə edilməsini həyata keçirməyə imkan verəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması düşünülüb.Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.

Dövlətimizin başçısı və birinci xanım Zəngilan rayonunun Ağalı kəndində olublar. Yerli orta məktəbin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər.

Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək. Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər.Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir.Prezident İlham Əliyev Stansiyanı işə salıb.

Dövlət başçısı və birinci xanım Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər. Ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır. Prezident Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəb binasının təməlqoyma mərasimində iştirak ediblər. Şəhərin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq məktəbin ərazisi 1,6 hektar sahəni əhatə edəcək.Dövlətimizin başçısı təhsil müəssisəsinin təməlini qoyub.