• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1907
— 14.10.2022 20:42

Azərbaycan cəmiyyəti Fransanın vasitəçilik səylərinə kəskin etiraz edir

KepezTV Player

Fransanın yenidən alovlanan ermənipərəst siyasəti, prezident Emmanuel Makronun siyasətçi adına yaraşmayan son açıqlamaları Azərbaycanda kəskin etirazlara səbəb olub. Həm ictimai xadimlər, həm tarixçilər, həm də sıravi vətəndaşlar sülhməramlı donu geyinərək guya Ermənistan-Azərbaycan arasında danışıqlar prosesində iştirak etmək istəyən bu dövlətin vasitəçiliyinə inanmırlar.

Fransa uzun illər ATƏT-in Minks qrupunun tərkibində Qarabağ münaqişəsinin həlli yolunda heç bir əməli addım atmamaqla onsuz da hansı tərəfdə olduğunu nümayiş etdirib. Postmünaqişə dövründə Azərbaycanın apardığı uğurlu siyasəti, sülh danışıqları istiqamətinə əməli addımları görən firənglər özlərini sülh ölkəsi kimi göstərmək məqsədilə yenidən vasitəçiliyə can atırlar. Azərbaycanın xoş məramı sayəsində Praqa görüşündə tərəflərdən biri olan Fransa bu görüşdən cəmi bir həftə sonra bütün xislətini ortaya qoydu. Prezident Emmanuel Makronun sərsəm açıqlamaları Azərbaycan ictimaiyyətində hiddətlə qarşılanıb.

Tarixçilər də Fransanın vasitəçiliyini qəbulolunmaz hesab edirlər. Onların fikrincə hər zaman Ermənistanı dəstəkləyən və tarixən müstəmləkəçi ölkə kimi tanınan bu dövlətin sülh yaratması inandırıcı görünmür.

Azərbaycan cəmiyyəti Fransanın əsl niyyətindən xəbərdardır. Ermənistanla münasibətlərin normallaşdırılması prosesində iştirak üçün canfəşanlıq edən Parisin məramının qətiyyən xoş olmadığı gün kimi aydındır. Buna görə də, Azərbaycanda Fransanın vasitəçiliyinə sərt etirazlar var.

Demokratiyadan dəm vuran ölkə indiyədək yüz minlərlə azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasına reaksiya verməyib, Azərbaycan ərazilərində basdırılan minalarla bağlı ortaya mövqe qoymayıb, mülki insanlarının ölümünə etiraz etməyib. Bu azmış kimi Azərbaycana qarşı müxtəlif vaxtlarda dəfələrlə əsassız ittihamlar irəli sürüb. Bunlar Fransanın ədalətli vasitəçi olacağına böyük şübhələr yaradır. Ona görə də bu ölkənin Ermənistan və Azərbaycan arasında sülhü təmin etmək istəyi qətiyyən səmimi görünmür.