• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 817
— 14.10.2022 17:39

Sakinlər fasiləsiz elektrik enerjisi ilə təmin ediləcəklər

KepezTV Player

Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin əhatə etdiyi 4 rayonun 13 kəndində əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı üçün işlərə başlanılıb. Görülən işlər çərçivəsində həmin rayonların sakinləri bu qış fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Samuxun ən böyük yaşayış məntəqələrindən olan  Sərkar kəndində 1100 abonent elektrik enerjisindən istifadə edir. Kənd sakinləri illərdir işıq dirəklərinin qəzalı vəziyyətdə, elektrik naqillərinin köhnə, transformatorların istismara yararsız olmasından əziyyət çəkirlər.

Samux rayon Sərkar kəndində sakinlərin yaşayış evlərinin qarşısında bu cür bərbad vəziyyətdə olan işıq dirəkləri çoxluq təşkil edir. 70-80-ci illərdə basdırılan bu dirəklər insan həyatı üçün olduqca təhlükəlidir.

Elektrik təsərrüfatının qəzalı vəziyyəti kənd sakinlərinin narahtlığına səbəb olur. Onlar hər an istismar müddətini başa vuran dirəklərin aşmasından, naqillərin qırılıb yerə düşməsindən ehtiyat edirlər.

Raya Məmmədova sakin: Dirəyi qapıya bağlayıblar. İşıq xarab olanda belə gəlib baxdılar dedilər bura çıxılası deyil. Kiməsə müraciət elədilər. Problem yaradır, nəvələrim məktəbə gedib-gəlir.  Uşaqları da qoymuram bura çıxsın ki, elə bir vəziyyətdədir uçacaq.

Sakinlərin elektrik enerjisi ilə bağlı illərdir yaşadıqları problem nəhayət aradan qaldırılır. "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən kənd ərazisində ümumi uzunluğu 17 min metr olan 10/04 kilovoltluq kabel çəkilib, yeni işıq dirəkləri basdırılıb. Həmçinin mənzillərə yeni elektron sayğacların quraşdırılması üçün hazırlıq görülüb.

Məcid Məmmədov sakin: Külək əsəndə işıqlarımız qırılırdı, yanmırdı. Evdə soyudu, televizor hamısı yanırdı. Gecənin bir vaxtı külək əsib qırılıb düşəndə sabaha kimi işıqsız qalırdıq. Kimsə sabah gəlib düzəldəcəkdi. İndi həmin problemlər aradan qaldırılır.

Mahir Məmmədov Sərkar kənd sakini: İşıqla bağlı bizim çoxlu problemlərimiz var idi. Külək əsən kimi naqillər bir-birinə dəyib yerə düşürdü. Naqillər çox sallaq vəziyyətdə idi. Şükür yenilənir, təzələnir.

Elmira Məmmədova Sərkar kənd sakini: Yağış yağan kimi yanğın veriridi. Qırılırdı, işıq keçirdi. Televizora baxmaq mümkün deyildi.  Şükür işıq dirəklərini dəyişiblər, təzə xətt çəkirlər, təzə tranfarmator qoyurlar. İndi yaxşıdır.

Bu Samux rayonunda yerləşən İstilik yarımstansiyasıdır. Düz 30 il bundan əvvəl bu yarımstansiya inşa edilibdir. İnşa edildiyi müddətdən indiyə kimi buradan heç bir əsaslı təmir işləri aparılmayıb. Bunun üçündə yarımstansiya çox bərbad vəziyyətdə idi. Bunu nəzərə alaraq yarımstansiyanın həyətində yeni iki mərtəbəli yarımstansiya inşa edilir. Müasirliyi ilə seçiləcək bu yarımstansiya Samux rayonun təxminən 70 faiz kəndini elektrik enerjisi ilə təmin edəcəkdir.

Hazırda stansiyanın birinci mərtəbəsində beton işləri aparılır. Bu ayın sonunda isə ikinci mərtəbədə işlərə başlanılacaq.

Pərviz Rüstəmov baş mühəndis: Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin struktur bölməsinə daxil olan Şəmkir Elektrik şəbəsində 7 kənddə, Tovuz Elektrik şəbəkəsində 4 kənddə, Qazax Elektrik şəbəsində 1 kənddə eləcədə Samux Elektrik şəbəkəsinin xidməti ərazisinin 1 kəndində və 110/10/35 kilovoltluq istilik yarım stansiyasında yenidən qurma işləri gedir. Payız qış mövsümünə hazırlıqla bərabər il ərzində daimi dövrü olaraq abonentlərin fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təminatı nəzərdə tutulub.

"Azərişıq" ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi 9 rayonu əhatə edir. Layihəyə uyğun olaraq mərhələli şəkildə elektrik təsərrüfatı bərbad vəziyyətdə olan bütün kəndlərdə işlərə başlanılacaq.

Elnur Vahidoğlu