• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 08.10.2022 20:36

Sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib

KepezTV Player

Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 6 xarici ölkənin turizm mütəxəsislərinin iştirak etdiyi konfransda regionda Naftalan şəhərinin kurort fəaliyyəti və turizmin inkişafında sinerji mənbəyi kimi rolu dəyərləndirilib. Həmçinin şəhərin turizm potensialı ilə bağlı mediatur da təşkil edilib.

“Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransda son 6 il ərzində şəhərdə sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlərin aparıldığı diqqətə çatdırılıb.

Şəhərdə hotel və sağlamlıq mərkəzləri gün ərzində 3400-dən çox insana xidmət göstərmək imkanına malikdir. Naftalanda həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlərin aparılacağı da qeyd edilib.

O da diqqətə çatdırılıb ki, Azərbaycan və Almaniya sağlamlıq turizmi sahəsində əməkdaşlığın inkişafı üçün potensiala malikdir. Naftalanda bununla bağlı layihə də reallaşacaq.

Luts Lunqvits Almaniyanın Tibb Sağlamlıq Assosiasiyasının prezidenti: Gələcək əməkdaşlıq, onun inkişaf etdirilməsi üçün Naftalanda olmaqdan məmnunan. Almaniyadan insanlar Azərbaycana səfər etməyə maraqlıdır. Odur ki, onlara, ümumiyyətlə Avropaya Naftalanı tanıtmaq vacibdir. Sığorta, satış və marketinq sahəsində buradakı otellərlə layihəyə başlayırıq. Turizm sahəsinin inkişafı üçün bir sıra görüşlər keçirdik. Ümumiyyətlə bilirəm ki, Almaniya Azərbaycanla turizmlə yanaşı, enerji, neft sferalarında layihələrin icrasında da maraqlıdır.

KİV nümayəndələri üçün mediatur təşkil edilib

Konfrans çərçivəsində KİV nümayəndələri üçün mediatur da təşkil edilib. Müalicəvi nefti ilə məşhur olan Naftalanın turizm potensialı haqqında ətraflı məlumat verilib, şəhərdə fəaliyyət göstərən sanatoriya - kurort mərkəzləri nümayiş etdirilib. Həmçinin media mənsubları Naftalan tanıtım lövhəsi ilə tanış olublar.

Naftalan şəhərinə gələn turistlər üçün Dövlət Turizim Agentliyi üçün bu cür xəritə hazırlanıb. Turistlər bu xəritələrdən istifadə edərək istədikləri sanatoriyalara gedib, müalicələrini ala bilərlər.

KİV nümayəndələri Naftalanın turizm imkanlarının, o cümlədən sağlamlıq-istirahət mərkəzlərinin tanıdılması məqsədilə təşkil olunan mediatur çərçivəsində dünya üzrə unikal hesab olunan “Əsa muzeyi”ini də ziyarət ediblər.

Bura Naftalanda yerləşən "Əsa muzeyi"dir. Bu muzeydə Naftalan neftindən şəfa tapan şəxslər öz əsalarını təhvil verərək gediblər. Muzeyə əsa 1978-ci ildən təhvil verilib. Həmçinin Naftalan neftindən şəfa tapan şəxslər öz təşəkkürlərini bildirmək üçün təşəkkür məktubları da göndəriblər. Ümumilikdə muzeydə 300-ə yaxın bu cür təşəkkür məktubu da var.

Naftalan Turizm İnformasiya Mərkəzinin də açılışı olub. Mərkəzin əsas fəaliyyəti turistlərin məlumatlandırılması ilə yanaşı, yeni turizm məhsulların yaradılmasına dəstək göstərməkdir.

Elnur Vahidoğlu