• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 07.10.2022 20:15

"Kəpəz" doğma meydana qayıdır

KepezTV Player

“Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsi üçün icazənin verilməsi klub rəhbərliyi kimi azarkeşləri və futbol veteranlarını da sevindirib. Buna qədər ev oyunlarını doğma şəhərdən kənarda keçirən komanda həm səfər xərcləri ilə bağlı maddi planda irəli düşəcək, həm də daha çox azarkeş dəstəyi qazanmaq imkanı əldə edəcək.

Mövsümün əvvəlində Gəncə şəhər stadionunun qəzalı vəziyyətdə olması səbəbindən Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən arenada oyunların keçirilməsi məqbul hesab edilməyib. Buna təbii ki ən çox üzülən fanatlar olub. Azarkeşlər könül verdikləri klubun ev oyunlarını izləmək üçün əvvəlcə Bakıya, daha sonra isə Qəbələyə getməli olublar. Klub tərəfindən FHN-nə texniki baxış üçün təkrar müraciətdən və müsbət cavab alındıqdan sonra  PFL-sı da Gəncədə oyunların keçirilməsinə icazə verib.

Azarkeşlər kimi bir vaxtlar komandanın şərəfini qoruyan veteran futbolçular da PFL-in ev oyunları üçün icazəsini sevinclə qarşılayıblar. Klubun tarixində xüsusu yer tutan Fazil Pərvərov Kəpəzin Gəncəyə qayıdışı ilə şəhərə yeni ab-havanın gələcəyini düşünür.

Millət vəkili, klubun idarə heyətinin üzvü Müşfiq Cəfərov da stadiona qoyulan qadağanın aradan qaldırılmasını müsbət qiymətləndirib.

PFL-in qərarına əsasən tribunaların 1-ci yarusundakı oturacaqlı hissəsində yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz”in  ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilib.  Dağlılar ilk olaraq doğma meydanda oktyabrın 16-da əzəli rəqibi Neftçini qəbul edəcək.