• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2327
— 05.10.2022 12:06

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Səfər bir sıra önəmli hadisələrlə yadda qalıb. 

Ağdam rayonuna səfər çərçivəsində Prezident İlham Əliyev yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan yol Qarabağın inkişaf planı nəzərə alınmaqla dörd hərəkət zolağından ibarətdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib. İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Xıdırlı kəndinin təməlqoyma mərasimində də iştirak ediblər. Dövlət başçısının təməlini qoyduğu Xıdırlı kəndində 5990 nəfərin, yəni 1500 ailənin məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır. Xıdırlıda oktyabrın 10-da başlanılacaq tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. Ağdamda Kəngərli kəndinin də təməli qoyulub. Kənddə 2626 nəfərin, yəni 639 ailənin məskunlaşması planlaşdırılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır. Tikinti işlərinin oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində də iştirak ediblər. Dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur. Ağdam şəhərində təməli qoyulan “City Hotel Agdam” mehmanxanası 130 nömrədən ibarət olacaq. Prezident və birinci xanım Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə tanış olublar. Kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək. Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur. Sonra Prezident və birinci xanım XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər. Abidə özünün ilkin görkəmi əsasında 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin də təməlqoyma mərasimi olub. Yaşayış məhəlləsində binalar 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək, 3068 nəfər məskunlaşdırılacaq. Binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Dövlət başçısının Ağdam rayonuna səfəri çərçivəsində 1720 nəfər, yəni 425 ailə əhali üçün planlaşdırılan Sarıcalı kəndinin təməli də qoyulub. Birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək.