• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 05.10.2022 12:03

Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb

KepezTV Player

Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib. Dövlət başçısı ermənilərin işğaldan azad olunmuş ərazilərdə məscidləri də dağıtdığına diqqət çəkərək yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilmədiyini vurğulayıb. Qeyd edib ki, bunun da səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub. Prezident İlham Əliyev çıxışında regionun Ermənistan tərəfindən minalarla çirkləndirilməsi məsələsinə də diqqət çəkib.

Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilir. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.