• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 04.10.2022 22:24

Ermənilərin Gəncədə törətdikləri 4 oktyabr terrorundan 2 il ötür

KepezTV Player

4 oktyabr həm də ermənilərin Azərbaycan şəhərlərinə raket hücumlarının başladığı tarixdir. Gəncənin bombalanması Vətən müharibəsi dövründə bu terror ənənəsinin başlanğıcı hesab oluna bilər. Mülki şəxsləri hədəf alan bu cinayətlər 44 günlük savaş dövründə Azərbaycanın bir sıra şəhər və rayonlarında törədildi. Məqsəd bəlli idi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin bütün gedişləri isə fiaskoya uğradı. Gəncənin raket atəşinə tutulduğu elə həmin gün Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə növbəti dəfə sarsıdıcı zərbə vurdu. Cəbrayıl şəhəri işğaldan azad olundu. 4 oktyabr tarixində baş verən bu iki hadisəyə daha geniş prizmadan baxacağıq.

2020-ci ilin 4 oktyabrı, saat təxminən 10:05 radələri. Gəncə sakinləri vərdiş etmədikləri səsə diksindilər. Əvvəl bir çaşqınlıq yarandı, müxtəlif versiyalar irəli sürüldü. Çox keçmədi ki, hər şey aydın oldu. Ölkənin ikinci böyük şəhərinin dinc sakinləri cəbhə bölgəsindən xeyli uzaqda yaşamalarına baxmayaraq, düşmənin xain hücumuna məruz qalmışdılar.

4 oktyabr terroru nəticəsində Gəncədə 1 mülki şəxs - Tunar Əliyev şəhid oldu, 32 mülki şəxs isə yaralandı. Yaşayış evlərinə, mülki infrastruktura, qədim tarixi tikililərə ciddi ziyan dəydi. Gəncə terroru Ermənistanın müharibə cinayətlərindən daha biri idi. Azərbaycan Ordusunun məğlubedilməzliyini dərk edən qarşı tərəf çıxış yolunu dinc sakinlərə qarşı terror törətməkdə görürdü.

Gəncəyə həmin gün edilən raket hücumu ilk olsa da, son olmayacaqdı. İrəlidə erməni terrorunun daha ağır fəsadları yaşanacaqdı. 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində - Vətən müharibəsi dövründə ümumilikdə 5 dəfə qədim Nizami yurdunun bombalanması 26 nəfərin şəhid olması, 175 nəfərin xəsarət alması ilə nəticələndi. Və o gün – 4 oktyabr tarixində Gəncədə yaşanan dəhşəti bir tvitin, bir xəbərin sevinci unutdurdu.

Vətən müharibəsinin 8-ci günü azad olunan Cəbrayıl

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi oldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Bu qələbə hərbçilərimizin döyüş ruhunu yüksəldərək onlara böyük psixoloji, strateji, taktiki üstünlük verdi, eyni zamanda xalqda Orduya inamı birə min artırdı.

Cəbrayılın azad olunması “Böyük qayıdış”ın başlanğıcı sayılır. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşmən tapdağından xilas olundu, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Vətən müharibəsi zamanı isə Cəbrayıl rayonu ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra öz azadlığına qovuşdu.

44 günlük Vətən müharibəsində böyük zəfərə imza atmaqla Azərbaycan Ordusu qarşısında duran müqəddəs vəzifəni yerinə yetirdi. Bu gün artıq Qarabağ və Şərqi Zəngəzur öz tarixi sahiblərinə qovuşub. Uzun illər erməni vəhşiliyindən əziyyət çəkən torpaqlarımızın dirçəldilməsi üçün irimiqyaslı layihələr həyata keçirilir.