• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 02.10.2022 20:34

Açıq birincilikdə şəhidlərin xatirəsi anılıb

KepezTV Player

Gəncə Olimpiya İdman Komplesində ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinə həsr olunan yarış keçirilib. Murov Boks İdman klubunun təşkil etdiyi açıq şəhər birinciliyi sərbəst güləş növündə baş tutub.

Şəhidlərin xatirəsinə həsr olunan yarışın açılışı özünəməxsusluğu ilə seçilib. Hərbi orkestrın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar yarış iştirakçılarında ruh yüksəkliyi yaradıb.

Bu baxımdan yarışın rəsmi açılış mərasimi digərlərindən fərqlənib. Eyni zamanda bütün idmançılar əllərində həm birinci, həm də ikinci Qarabağ müharibəsinin şəhidlərinin şəkilləri həkk olunmuş plakatları tutublar. Çıxış edən rəsmilər, şəhid valideynləri, qazilər bu cür birinciliklərin təşkil edilməsinin təqdirəlayiq hal olduğunu və igidlik göstərərək torpaqlarımızın azad olunmasında ali zirvəyə ucalanların təbliğinin, gələcək nəsilərə tanıdılmasının böyük önəm daşıdığını dilə gətiriblər. Rəsmi hissənin ardından bədii hissədə məktəblilər vətən, torpaq, igidlik mövzularında şeirlər söyləyiblər,  rəqs ansambları milli musiqi sədaları altında çıxış ediblər, ritm qrupları ifaları ilə açılışa rəng qatıblar. Həmçinin aikidoçular öz bacarıqlarını göstəriblər. Açılışdan sonra mübarizələr başlayıb. Açıq xarakterli olduğundan birincilikdə Nizami yurdu ilə yanaşı, Ağstafa, Tovuz, Qəbələ, Tərtər və Goranboy güləşçiləri də qüvvəsini sınayıb.

2008, 2009 və 2010-cu il təvəllüdlü yeniyetmə pəhləvanların iştirak etdiyi xatirə yarışına 150-yə yaxın güləşçi qatılıb. Belə birinciliklərin təşkili gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır.

Yarışın sonunda yer tutan güləşçilər medal və diplomla təltif ediliblər. Mükafatçılara təqdim olunan medallarda 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin, eləcə də Vətən müharibəsində raket atəşi nəticəsində Gəncədə dünyasını dəyişən mülki şəhidlərin şəkilləri əks olunub.