Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir Firuz Məzahir oğlu Əhmədov Tovuz rayonunda dəfn edilib. 37 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı Tovuzun şəhər məzarlığında yaxınlarının yanında torpağa tapşırılıb. Dəfn mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Firuz Əhmədov 15 il idi ki ordu sıralarında xidmət edirdi. Sanitar təlimçi olan qəhrəman, yoldaşlarına döyüş meydanında yardım edərkən şəhadətə yüksəlib. 3 oğul övladı olan Firuz Əhmədov aprel döyüşləri, həmçinin 44 günlük vətən müharibəsində də iştirak edib və ali baş komandan tərəfindən Şuşanın, Füzulinin, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
- Baxış: 345