Gəncədə qonşular arasında kütləvi dava məsələyə heç bir aidiyyəti olmayan digər qonşunun ölümünə səbəb olub. Hadisənin təfərrüatlarını izləyək.
Qanlı olay şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Mübahisə edən qonşulardan birinin kürəkəni 1995-ci təvəllüdlü Orxan Nağıyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yol kənarında dayanmış qaynanası 1957-ci il təvəllüdlü Səlminaz Bağırova və səs-küyə çıxan qonşu 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub. Nəticədə Alim Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib, qadın yaralı halda xəstəxanaya yerləşdirilib.
Şahidlərin sözlərinə görə davaya 2 qonşu – Tağıyevlər və Bağırovlar ailələri arasında günlərdir davam edən mübahisə səbəb olub. Günorta saatlarında başlayan və qismən səngiyən dava gecə saatlarında yenidən alovlanıb.İlkin məlumata görə, Orxan Nağıyev qonşusu Vaqif Tağıyevin həyat yoldaşı Rəsmiyə Əfəndiyevanı vurmaq istəyib.
Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin və prokurorluğun əməkdaşları həmin ünvana gəlib. Orxan Nağıyev və Vaqif Tağıyev saxlanılıb. Müvafiq araşdırmalar başlanılıb. Ekspertizalar təyin olunub. Müvafiq rəydən sonra məsələyə hüquqi qiymət veriləcək.
- Baxış: 718