• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 29.06.2022 12:17

Jurnalistlər Kəlbəcər və Laçında gedən abadlıq işləri ilə tanış olublar

KepezTV Player

Jurnalistlər üçün Kəlbəcər və Laçın rayonlarına “Prezidentin izi ilə” adlı mediatur təşkil edilib. Kəpəz televiyasının əməkdaşlarının da iştirak etdiyi səfər işğaldan azad olunan ərazilərdəki abadlıq-quruculuq işlərini işıqlandırmaq, eyni zamanda istifadəyə verilən obyektlərlə tanışlıq məqsədi daşıyıb.

Mediatur Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində yol infratsrukturunun yenidən qurulması çərçivəsində yerinə yetirilən Murovdağ tunelinə səfərlə başlayıb. Burada jurnalistlər həyata keçirilən işlərlə tanış olublar

Dünyanın ən uzun avtomobil tunellərindən olan Murovdağ tunelində işlər tam sürətlə davam edir. Göygöllə Kəlbəcəri birləşdirəcək tunel Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun üzərində yerləşir.

Uzunluğu 11.6 km olan Murovdağ tuneli sözügedən yolun 13-cü kilometrliyindən başlayır. Partlatma və qırıcı üsula qaya qruntlarından ibarət hissələrin və suyun kənaşdırılması, püskürtmə üsulu ilə tuneldaxili hissənin üzlənməsi, eyni zamanda ilkin betonlama işləri öz axarı ilə gedir. Tikinti məkanı çətin iqlimə və relyefə malik olsa da, Murovdağ tunelinin 2025-ci ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bu günədək ümumilikdə  4 km hissədə inşaat başa çatıb.

Mediatur iştirakçıları ölkə başçısı tərəfindən istifadəyə verilən Kəlbəcər 1 Kiçik Su Elektrik Stansiyasının işi ilə də tanış olublar. Lev çayı üzərində yerləşən bu stansiya işğal zamanında ermənilər tərəfindən dağıdılmışdı və 2021-ci ildən inşasına başlanan enerji qurğusu Kəlbəcəri alternativ enerji mənbəyi baxımından təmin edəcək.

Kəlbəcər 1 Kiçik Su Elektrik Stansiyası işğaldan azad edildikdən sonra Kəlbəcərdə istismara verilən ilk enerji obyektidir. Bura tam gücü ilə çalışdıqda 4.4 meqavat gücündə enerji istehsal edir ki, bu da bütün rayonu elektrik enerjisi ilə təmin etməyə imkan verir.

Elektrik stansiyasında istehsal olunan enerji 110 kilovoltluq xətlə birbaşa sistemə ötürülür. Maşın zalı, su qəbuledici və hidrotexniki qurğuları, generator və turbin avadanlıqları yenilənən enerji istehsalı obyekti ən müasir qurğularla təchiz olunaraq istifayə verilib.

Kəlbəcərdən Laçına keçən media nümayəndələri burada Beynəlxalq Hava Limanında görülən işlərin şahidi olublar. Rayonun Qorçu kəndində inşa edilən və Azərbaycanda dəniz səviyyəsindən ən yüksəkdə yerləşəcək aeroportda hazırda ərazinin hamarlaşdırılması həyata keçirilir. 2024-cü ildə tamamlanması planlaşdırılan hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometrlik məsafədə yerləşən hava limanı işğaldan azad edilən torpaqlarda inşa olunan sayca üçüncü aeropertdur. Gələcəkdə burada beynəlxalq uçuşların icrası üçün tam şərait yaradılacaq.

Quruculuq layihələri yönündə Laçında içməli suya tələbatı ödəmək üçün tutumu 90 milyon kubmetr olacaq “Həkəriçay” su anbarı da tikilir. 310 hektar ərazini əhatə edən hidroqovğaşda relyefdən asılı olaraq,  bəzi ərazilərdə nasos stansiyaları da quraşdırılacaq. Bundan başqa, anbarda 5 su elektrik stansiyası tikiləcək ki, onlar da ümumilikdə 45,5 meqavat gücündə elektrik enerjisi istehsal edə biləcək.

İşğaldan azad olunan bütün rayonlarda, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər və Laçında aparılan abadlıq-quruculuq işləri şübhəsiz ki, böyük qayıdışa hesablanıb.