• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 19.06.2022 19:57

20 yaşlı idman qurğusu yenilənir

KepezTV Player

Gəncədə son illər idman sahəsində nailiyyətlərin azalmasının bir səbəbi pandemiya olubsa, digəri təbii ki, şəraitsizlik - idman qurğularının ürəkaçan durumda olmamasıdır. Bu tikililər sırasında Gəncə Olimpiya İdman Kompleksini xüsusilə qeyd etmək lazımdır. Bir neçə ildir ki kompleks məşqlər, yarışlar, eləcə də tədbirlərin keçirilməsi üçün əlverişsiz vəziyyətdədir. Bununla belə son vaxtlar idman qurğusunda müəyyən təmir-bərpa işlərinə start verilib.

Ölkədə ilk müasir tipli idman müəssisələrindən olan Gəncə Olimpiya İdman Kompleksi 2002-ci ildən fəaliyyət göstərir. 20 yaşı olan qurğuda müəyyən vaxtlarda kosmetik və bərpa işləri  həyata keçirilsə də, hazırda kompleksdə əsaslı şəkildə təmirə ehtiyac var. Bu günlərdə idman qurğusuna Gənclər və İdman Nazirliyi tərəfindən yeni direktor təyinatı gerçəkləşib ki, yeni rəhbərliyin qarşısında duran ilk məqsəd də birinci mərhələdə daxili imkanlar hesabına vəziyyəti müsbətə doğru dəyişməkdir.

Yaxın zamanda idman zallarında kosmetik işlərin aparılması, istilik sistemlərinin, ürəkaçan durumda olmayan döşəmələrin yenilənməsi və bərpası nəzərdə tutulur. Təbii ki, bu işlər böyük vəsait tələb edir və bunu daxili imkanlar hesabına yerinə yetirmək çətin görünür. Bu məqsədlə aidiyyatı üzrə nazirliyə müraciət də edilib.

Qarşıya qoyulan əsas tapşırıq Gəncə Olimpiya İdman Kompleksini öncəki vəziyyətinə qaytarmaq, nüfuzunu bərpa etməkdir. Odur ki, əvvəllər şəhərdə əksər yarışların, tədbirlərin keçirildiyi məkanın yenidən idman mərkəzi rolunu oynaması üçün tez bir zamanda əsaslı təmir işlərinin görülməsi planlaşdırılır.

Şərait yaxşı olmasa da hazırda kompleksdə olimpiya və qeyri-olimpiya növləri üzrə bölmələr fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarından olan qız və oğlanlar basketbol, taekvando, karate, MMA və üzgüçülüklə məşğul olurlar. Ümumilikdə məşq bölmələrində 200-dən çox idmançı var. Gələcəkdə digər idman növləri üzrə seksiyaların da yaradılması planlara daxildir.