• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 15.06.2022 16:20

Milli Qurtuluş günündə “Pianoçular festivalı”

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının dəstəyi ilə Gəncədə Milli Qurtuluş gününə həsr olunan “Pianoçular festivalı” keçirilib. Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbirdə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın taleyində böyük əhəmiyyəti olan 15 iyun tarixinin mahiyətindən danışılıb. “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda təqdimatdan sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, şəhər Uşaq Musiqi Məktəblərinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin  müəllim və şagirdlərinin, Əməkdar artisti Kəmalə Tağızadə və Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərovanın ifasında musiqi nömrələri səsləndirilib. Festivalda fəallığı ilə fərqlənən müəllim və şagirdlər fəxri fərmanlarla təltif edildilər.

Milli Qurtuluş Günü münasibətilə Naftalanda reallaşan tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət, xatirəsinə ehtiramla başlayıb. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Liderin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük müharibədə qazandığı zəfərə diqqət çəkib. Azərbaycanın müstəqil dövlət olaraq dinamik  inkişaf edərək, qazandığı uğurlarla dünyada söz sahibi olan  gücə çevrilməsindən danışılıb. Məktəblilərin ifasında “Milli Qurtuluş Günü Azərbaycanın xilas günüdür” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Şəhər İcra Hakimiyyəti tərəfindən “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə bir qrup iştirakçı Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunublar.

Samuxda Milli Qurtuluş Gününə həsr olunan konfrans ümummilli lder Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev dahi şəxsiyyətin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə gəlişini dövlətçilik tariximizin şanlı səhifəsi adlandırıb. Ulu Öndərin özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə ölkədə böhrana son qoyulduğu, böyük risklərə baxmayaraq, Heydər Əliyevin xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü bildirib. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurmanın aradan qalxdığı, respublikanın vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olduğunu xatırladıb. 15 iyundan başlayan zəfər tarixinin 44 günlük Vətən müharibəsində qazanılan Qarabağ qələbəsi ilə nəticələndiyi və Heydər Əliyev siyasətinin uğurlu davam etdirildiyindən bəhs edilib.

Kəlbcər rayon ictimaiyyəti də Milli Qurtuluş Günü bayram edib. 1993-cü ilin iyununda xalqın təkid və tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsi tənəzzülə uğrayan, ağır vəziyyətdə olan ölkənin xilası oldu. Müdrikliyi və fədakarlığı sayəsində müstəqilliyi itirmək təhlükəsinin qarşısını alan dahi şəxsiyyət dövlət quruculuğu, qanunvericilik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı kimi uğurlara imza atdı. Ulu öndərin siyasəti ilə gedən ölkəmizin hərtərəfli güclənməsi Vətən müharibəsi zamanı düşmən üzərində parlaq qələbənin qazanılması ilə nəticələndi. Tədbirdə Milli Qurtuluş gününə həsr edilən filim nümayiş etdirildi.

15 iyun Milli Qurtuluş Günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə gənclərlə dəyirmi masa keçirilib. Tədbirdə adıçəkilən idarələrin rəhbərliyi ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəsmiləri, eləcə də tarixçilər iştirak edib. Milli Qurtuluş Günündən danışanlar bu tarixdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən ictimai-siyasi böhrana son qoyulduğunu, ölkəmizdə dövlət quruculuğunu, sosial-iqtisadi inkişafın təməli prinsiplərinin formalaşdığını diqqətə çatdırıblar. Qələbəmizlə bitən Qarabağ zəfərinin əsasının da məhz 1993-cü ilin 15 iyununda qoyulduğu vurğulanıb.

YAP Gəncə şəhər təşkilatı ilə Gəncə şəhər Ağsaqqallar Şurası Azərbaycanın taleyini dəyişən Milli qurtuluş gününə həsr edilən dəyirmi masa təşkil edib. Çıxışlarda ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu, zəngin, çoxşaxəli fəaliyyəti, xalqımızın taleyində, dövlətçiliyimizin qorunması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər. Öz mənalı, zəngin ömrünü bütövlükdə xalqına və dövlətinə həsr edən dahi şəxsiyyətin xilaskarlıq missiyasını öhdəsinə götürməsindən danışılıb. Ümummilli liderin layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və dəmir iradəsi ilə qazanılan şanlı Qarabağ zəfərinin məhz bu siyasətin məntiqi nəticəsi olduğu xüsusi vurğulanıb.

Azərbaycan Dövlət Aqrar Universitetində də 15 İyun tarixinin əhəmiyyətindən danışılıb. Milli Qurtuluş Gününə həsr olunan tədbirdə rektor İbrahim Cəfərov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifələrindən olduğuna diqqət çəkib. Ulu öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs edilib, Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyi vurğulanıb. Vətən müharibəsində qazanılan Zəfərin məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin hərbi-siyasi yekunu olduğu vurğulanıb. Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.