• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 941
— 10.06.2022 20:31

Kələ-kötür yoldan asfalta çıxmaq istəyənlər

KepezTV Player

Qışda palçıqda, yayda toz-torpadan, üstəlik kələ-kötür olduğundan keçilməz olan Keçili yolu. Söhbət Şəmkrin Keçili kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolundan gedir. Televiziyamıza müraciət edən sakinlərin harayına yollanan əməkdaşımız Elnur Vahidoğlunun operatorumuzla birgə çəkib hazırladığı sujet narahatlığın əbəs yerə olmadığını deməyə əsas verir.

Şəmkir rayonun Keçili kəndi rayon mərkəzindən təxminən 17 km aralıda yerləşir. Kənd də daxil olmaqla 7 yaşayış məntəqəsini birləşdirən  avtomobil yolunun bərbad olması, istər piyada, istərsə də avtomobillə hərəkəti mümkünsüz edir. Necə deyərlər, sakinlər palçıqda, suda, tozda hərəkət etməkdən təngə gəliblər.

Təbiət Nağdəliyev  sakin: Yolumuz çox bərbad haldadır. Təxili tibbi yardım gəlmir ki, yolunuz bərbaddır. Bu yol problemimizi xahiş edirik ki, biz kömək edəsiniz. Gedin düzələcək deyillər ancaq nə vaxt düzələcək bilinmir.

Bayram Qəhrəmanov  sakin: Keçili kəndinə taksi 20-30 manata gətirir. Halbuki Bakıya 10 manata aparır. Bizim xahişimiz odur ki, bunu çəkib bildirəsiz yollarımız çəkilsin, yollarımıza baxsınlar.

Keçili, Qədimqala, Şəmkir, Çinarlı və Yuxarı Seyfəli yolundan təxminən 20 minə yaxın sakin istifadə edir. Bu yolun bir üstünlüyü ondan ibarətdir ki, yol həm də kəndləri rayon mərkəzləri ilə birləşdirir. Məşğuluyyəti əsasən  əkinçilik olan sakinlər isə avtomobil yolunun bərbad olması səbəbindən becərdikləri məhsulları vaxtında bazarlara çıxara bilmirlər.

Ramin Qəhrəmanov  sürücü: Əziyyət çəkirik, vaxtlı-vaxtında gedib reysimizə çata bilmirik. Yollarımız bərbad haldadır, sürə bilmirik.

Nəsib Qurbanov  sakin: Kənd təsərrüfatı məhsulları bu yolla daşınır. Hərənin köhnə bir maşını var. Məhsulunu satandan sonra pulun yarısını verib maşını düzəldir. Harda yol infrastrukturu yaxşıdır orda həyat da yaxşıdır. Bura alverçilər, taksi sürücüləri gəlmir ki, yolunuz bərbaddır. Bizim bir dənə çətinliyimiz yoldu.

Vidadi Hüseynov  sakin: Bu millətin hamısı əziyyət, zülm çəkilir. Yığdığım məhsulu bu yola görə ora çatdıra bilmirəm. Yol problemi həll olunsa elə bil dünyanın ən xoşbəxt adamlarıyıq.

Sakinlərin yolla bağlı xoşbəxt günə çıxıb çıxmayacağını öyrənmək üçün Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə müraciət etdik. cavab da aldıq. Sonuncu dəfə ötən əsrin 70-ci illərində asfaltlanan və indiyə kimi  təmir üzünə həsrət qalan yolun yenilənməsi planlaşdırılır.

Anar Nəcəfli "Azərbaycan Avtomobil Yolları” DA-nın Mətbuat xidmətinin rəhbəri: Kəndlərarası avtomobil yollarının yenidən qurulması Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində öz həllini tapır. Məhz bu proqram çərçivəsində agentlik tərəfindən Şəmkir rayonu və digər ölkə üzrə rayonlarda icra olunur. Qeyd edim ki, Keçili kəndinin yolu da təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib. Həmin siyahı əsasında növbəli şəkildə bu işlər icra olunur. Maliyyə vəsaiti ayrılacağı təqdirdə həmin yol da tərəfimizdən təmin olunacaq.

Problemin həlli diqqətdədir. Sadəcə vaxta bağlı olan məsələdə sakinlərin bir qədər də səbrli olmaları lazımdır. Kələ-kötür yoldan asfalta çıxmaları üçün.

Elnur Vahidoğlu