Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Əhmədov Elşad Eldar oğlu Gəncə Dövlət Dram Teatrına baş rejissor təyin olunub. Elşad Əhmədov 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalara quruluş verib. O, 1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunub. 2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına “ÜFÜQ XXI” Eksperimental Tamaşalar Festivalında S.Bekketin “İlk məhəbbət” hekayəsi əsasında hazırlanmış eyniadlı monotamaşadakı ifasına görə, festivalın “Ən cəsarətli yaradıcılıq işi” nominasiyası ilə təltif olunub. Elşad Əhmədov bir müddət "Kəpəz" televiziyasının dublyaj redaksiyasında da çalışıb.
- Baxış: 806