• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 02.06.2022 20:38

“Bir uşaq, bir top” festival təşkil edilib

KepezTV Player

“Araz-Naxçıvan” Futbol Klubunun yaradılmasının 55 illiyi və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvanda “Bir uşaq, bir top” adlı festival keçirilib. Bir sıra media nümayəndlərinin dəvət aldığı tədbirin gedişini televiziyamızın əməkdaşları da izləyib.

“Araz-Naxçıvan” futbol klubunun 55 illik yubileyi Naxçıvanda bayram əhval ruhiyyəsində qeyd olunur. Bu günkü möhtəşəm bu tədbiri gələn mövsümdən 1-ci divizionda çıxış edəcək komandanın inkişaf strategiyasının başlanğıcı hesab etmək olar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Futbol Federasiyası və “Araz-Naxçıvan” klubu tərəfindən təşkil olunan festival respublika stadionunda baş tutub. Rəsmi hissədə son illər Muxtar Respublikada futbolun inkişafı istiqamətində əməli addımlar atıldığı və bunun da nəticəsi olaraq yubileyi qeyd olunan “Araz-Naxçıvan”ın ötən mövsüm yaxşı nəticə göstərərək 1-ci diviziona yüksəldiyi diqqətə çatdırılıb. Rəsmi hissənin ardından bədii hissədə “Pon-pon” qızlar qrupunun çıxışı, tələbələrinin ifasında “Tənzərə” yallısı maraqla qarşılanıb. Tamaşaçılara, eyni zamanda “Araz-Naxçıvan”ın tarixi, uğurları və tanınmış azərbaycanlı oyunçular haqqında məlumat verilib. Açılış mərasimindən sonra rəsmilər tərəfindən tədbirdə iştirak edən şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrin mindən artıq uşağına forma, top və hədiyyələr təqdim olunub.

Festivalda “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ilk baş məşqçisi olan Tofiq Axundovun həyat yoldaşı və qızına xüsusi hazırlanmış “3” və “55” nömrəli formalar təqdim olunub. Bundan başqa tədbirdə sovet dönəmində komandanın şərəfini qoruyan futbolçular da mükafatlandırılıb.

Təltifetmədən sonra “Araz-Naxçıvan”ın veteran və gənc komandaları simvolik olaraq keçirilən yoldaşlıq görüşündə üz-üzə gəliblər. Qarşılaşma 3:3 hesablı sülhlə bitib. Festivalın sonunda isə geniş konsert proqramı reallaşıb. Əvvəlcə yerli mədəniyyət xadimlərinin ifasında musiqilər səslənib. Yekunda isə səhnəyə xalq artisti Aygün Kazımova çıxıb. Tanınmış müğənninin ifasında səslənən mahnılar Naxçıvan sakinləri tərəfindən böyük coşqu ilə izlənilib.