İyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərarı 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında qərara alınıb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Ancaq təəssüf ki, bəzən konvensiyalar da uşaqları müdafiə edə bilmir. Dünyada nadanların, düşmənlərin sevgisizliyindən, qəddarlığından əziyyət çəkən balacalar da var.
Düz deyirsiniz, balacalar. Bu dünya hamıya anadır. Xüsusən də sizə, sabahımıza, gələcəyimizə. Gəncə Uşaqlar Evində qalan bu körpələrin gözlərindəki məsumluq dünyanın ən saf, ən pak hissidir. Yalandan, riyadan uzaq, bir o qədər də ailə qayğısından uzaq balalar. Həyat çiyinlərinizə özünüzdən, yaşınızdan böyük yük qoyub bəlkə də. Əl çalıb oynayarkən, danışıb gülərkən içinizdə qopan fırtınalardan xəbərsizik.
Övlad üçün sağlamlığından, pulundan keçən valideynlər var. Bir də özündən, canından bir parçanı atanlar. Ancaq təkcə insanlar yox, həyat da bu balacaları ən çətin sınaqla üz-üzə qoyur, valideynsizlik kimi…Ölümün ən pis üzü ilə qarşılaşırlar bu uşaqlar, ana-atanın yoxluğu ilə…
Uşaqlar olmasaydı insanlığı bu qədər sevə bilərdikmi? Bağlana bilərdikmi bu fani dünyaya? Onları sevmək üçün valideyn olmağa ehtiyac yoxdur. Ürəyində zərrə qədər mərhəmət hissi olan kəs bu sevgidən özünü məhrum edə bilməz.
Bu gün həm də sizin gününüzdür, böyüyə bilməyən balacalar. Yəqin dünya sizi daha çox "sevib". Böyüyüb çirkinləşməyinizi rəva bilməyib. Axı, gözəllik uşaqlarda və böyüsə də ruhundakı uşaqlığı qoruyan böyüklərdədi. Çirkinlik isə yalnız böyüklərdə. Uşaqların aclıqdan ölməsinə, müharibədən qaçıb yad ölkənin dənizində boğulmasına, güllənin körpə bədənlərini dəlik-deşik etməsinə səbəb olan böyüklərdə…Maksim Qorki deyirdi: Uşaqlar torpağın canlı çiçəkləridir. Amma düşmən canlı çiçəkləri məzara sığdırıb qanlı çiçəklərə bulaşdırdı əlini, vicdanını. Əgər vicdan onlarda varsa...
Narin, Mədinə, Məryəm, Orxan, Aysu, Zəhra və erməni terrorunun qurbanı olan yüzlərlə günahsız körpə...Yaşasaydınız bu günü siz də bayram edirdiniz. Ruhunuz qarşısında günahkar olan bütün böyüklərin adından sizdən üzr istəyirik...Böyüyə bilmədiyiniz üçün..."Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nü qeyd edib, sizi böyüklərdən müdafiə edə bilmədiyimiz üçün...
Ruhəngiz Hacızadə
- Baxış: 363