Son dövrlər Azərbaycan futbolu deyiləndə həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə əldə etdiyi uğurlara görə Qarabağ klubunun adı xatırlanır. Kəpəz televiziyasının çəkiliş qrupu köhlən atların Ağdamda yerləşən doğma stadionu İmarətdə olaraq mövcud vəziyyət ilə tanış olub. Bundan başqa Ağdam komandasının varislərindən olan Şəfəq klubunun yaradıcısı ilə görüşüb. İndi Orxan Cəfərzadənin təqdimatında həmin reportjı ekrana gətirəcəyik.
Gördüyünüz bu məkan bir vaxtlar Qarabağın ev oyunlarını keçirdiyi İmarət stadionundur. İşğal dövründə idman qurğusu düşmən tərəfindən dağıdılıb və oyunların keçirilməsi üçün yararsız hala salınıb.
Çəkiliş etdiyimiz məkanda ürəkaçan mənzərə ilə qarşılaşmadıq. Arena 1993-cü ilin iyununda Ağdam rayonu uğrunda döyüşlər gedən zaman Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbələrinə məruz qaldığından tribunaları dağılıb. İşğal dövründə meydança düşmən tərəfindən istismar müddəti bitmiş avtomobillərin tullantı poliqonu kimi istifadə edilib. Xarabalığa çevrilən stadionda bir vaxtlar futbol qarşılaşmaları ilə yanaşı mədəniyyət və incəsənət xadimlərinin konsertləri də təşkil edilib. 20 noyabr 2020-ci ildə Ağdam şəhərinin erməni işğalından azad edilməsindən sonra stadion minalardan təmizlənib. 70 yaşı olan qurğunun erməni vandalizminə məruz qalması Ağdamı ziyarətə gələn və əvvəllər şəhərdə 50 nömrəli peşə məktəbinin idman rəhbəri kimi fəaliyyət göstərən Əkbər Rüstəmovu da məyus edib.
Əkbər Rüstəmov həm də Ağdamda ilk futbol klubunun yaradıcısıdır. Onun peşə məktəbində formalaşdırdığı kollektiv cəmiyyət komandası kimi SSRİ dövründə peşə məktəbləri arasında keçirilən futbol yarışlarında 1972-ci ildən 1976-cı ilə qədər 4 dəfə respublika çempionu adını qazanıb və SSRİ çempionatında 4-cü yeri tutub. Bundan sonra isə Əkbər müəllim ilk klubun əsasını qoyub.
Müsahibim imarət stadionunda keçirilən oyunlarla bağlı maraqlı anları da bizimlə bölüşüb. Əkbər Rüstəmov yaratdığı Şəfəq klubu həm də Qarabağ futbol klbunun varislərindəndir.
Əkbər Rüstəmov doğma klubu olan Qarabağın oyunlarını hər zaman izlədiyini, hətta 2017-ci ildə Danimarkada səfərdə olarkən təsadüfən köhlən atların Kopenhagenlə qarşılaşmasına tribuna baxmasını belə xatırlayır.
Məlum olduğu kimi Ağdamda yenidənqurma işləri çərçivəsində İmarət stadionunun əvvəlki yerində deyil, şəhərin digər ərazisində müasir standartlara uyğun inşası planlaşdırılıb. Əkbər Rüstəmov da tezliklə Ağdamın və İmarət stadionunun bərpa edilməsini, həmçinin Qarabağın ev oyunları doğma şəhərdə keçirməsini arzulayır
- Baxış: 956