• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 28.05.2022 20:07

Azərbaycanın şərəfli dövrünün ilk paytaxtı

KepezTV Player

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli tədqiqatçılarından olan professor Şirməmməd Hüseynovun Gəncə ilə bağlı səsləndirdiyi bu fikir Nizami yurdunun tarixən azərbaycançılıq məfkurəsinin formalaşmasında oynadığı rola verilən qiymətdir. Qəhrəmanlıq, mübarizlik, milli birlik nümunəsi Gəncənin müstəqil Azərbaycanın ilk paytaxtı olmasında nəzərə alınan əsas amillər olub. Azadlıq və müstəqillik uğrunda daim mübarizə aparan igidləri ilə seçilən Gəncənin oğulları Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında da əvəzsiz xidmətlər göstəriblər.

Cümhuriyyətin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. Eyni zamanda, Cümhuriyyət tarixinin ən məhsuldar və çətin dövrü Gəncədə yaşandı. Bu qədim şəhər Azərbaycanın təkcə siyasi və müqavimət  mərkəzi yox, həm də qanunvericilik mərkəzi sayılırdı. Azərbaycanın 1-ci və 2-ci hökumətləri məhz Gəncədə xeyli sayda qərar, sərancam, qanun qəbul edərək fəaliyyət göstəriblər.

Bəli, hər bir gəncəlinin fəxrlə deyə biləcəyi mən Azərbaycanın ilk paytaxı olan şəhərin sakiniyəm kəlməsi bu gün daha qürurla. əzəmətlə, iftixarla səslənir. Çünki İlk dəfə Müstəqillik günü kimi qeyd edilən 28 may tarixi topaqları işğaldan azad edilən bir ölkənin vətəndaşları, Vətən müharibəsindən düşənin raket hücumlarına rəğmən mərdlik nümayiş etdirən bir şəhərin sakinləri tərəfindən bayram edilir.

İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Xalq Cümhuriyyəti Azərbaycan xalqına müstəqilliyin necə şirin bir nemət olduğunu göstərdi. Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır. Bu gün Cümhuriyyət yadigarı olan 3 rəngli bayrağımız 30 illik işğaldan sonra azad edilmiş diyarlarda dalğalanır. Bu gün Azərbaycan xalqı 28 Mayı torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir.