Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib. Dövlətimizin başçısı, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib. Türkiyə Prezidenti üçtərəfli görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib. Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
- Baxış: 574