Bu gündən Kəlbəcər yaylaqlarına arıçılıq təsərrüfatlarının köçünə başlanılıb. Elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçən 20 mindən artıq arı ailəsinin köçü nəzərdə tutulub.
Bu gün Kəlbəcər arıçılarının sevincinin həddi-hidudu yoxdur. İşğaldan azad olunan doğma Kəlbəcərə arı ailələri aparırlar. Bu il hədəf olaraq 20 min arı ailəsinin kəlbəcərə aparılması planlaşdırılır.
Kəlbəcər yaylaqlarına arı təsərrüfatını aparan arıçılardan biri də Sabir Musatafayevdir. 60 yaşlı Sabir dayı gözünü arıçı ailəsində açıb və bu sənətin sirlərini atasından öyrənib. Ötən il də Kəlbəcər yaylağına arı ailəsi aparan Sabir Musatafayev bol məhsul əldə edib. Bu il 300 arı ailəsini doğma yurdunda aparan arıçının gözləntiləri böyükdür.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən il Kəlbəcərə 74 arıçı tərəfindən 4 mindən çox arı ailəsi göndərilib. Orta hesabla hər arı ailəsindən 50 kq-dan yaxın bal süzülüb.
Artıq 500-dən çox fermer arı ailələrinin yaylaqlara aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat mayın 1-dək davam edəcək. Portalda qeydiyyatdan keçən təsərrüfat rəhbərləri azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə də cəlb olunur.
İlk olaraq 10-dək arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb.
Elnur Vahidoğlu
- Baxış: 2791