• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 15.04.2022 19:13

"Mədəniyyət paytaxtı"mızda quruculuq işləri

KepezTV Player

Ölkə başçısı İlham Əliyev 2022-ci ilin ilk rübünün yekunlarına dair müşavirədə işğaldan azad olunan ərazilərimizdə, xüsusilə Şuşada həyata keçirilən tikinti, bərpa, restavrasiya, həmçinin abadlıq-quruculuq işləri ilə bağlı geniş məlumat verdi. Görülən işlərlə yerində tanış olmaq üçün Şuşa şəhərinə mediatur təşkil edilib. İşğaldan azad edildikdən sonra sürətli şəkildə yenidən qurulan mədəniyyət paytaxtımızda həyata keçirilən bütün infrastruktur layihələrlə bağlı ətraflı Orxan Cəfərzadənin videomaterialında.

Şuşanın bərpasına şəhər erməni əsarətindən qurtulduqdan dərhal sonra Ali Baş Komandanın göstərişi əsasında start verilib. Qarabağın mirvarisi sayılan məkanda hazırda böyük layihələr icra olunur və ümumi olaraq işlər geniş vüsət alıb. Şuşada təmirə dayanan və vacib tikililərdən olan şəhər icra hakimiyyətinin inzibati binasında işlər yeni təsdiqlənən plan üzrə yerinə yetirilir. Bu bina son dövrlərə aid olduğundan sökülməyib və bünövrəsi möhkəndirilib, daxili, eləcə də fasadında bərpa işləri görülür.

Vətən müharibəsində Şuşanın işğaldan azad olunması xəbəri ilk olaraq bu binadan məruzə olumuşdu. Hazırda isə təmir bərpa işləri gedən keçmiş icra hakimiyyəti yenidənqurma işləri bitdikdən sonra yaxın vaxtlarda istifadəyə veriləcək.

Şuşada da “ASAN xidmət” və DOST mərkəzi fəaliyyət göstərəcək. Bu qurumlar tərəfindən dövlət orqanlarının göstərəcəyi xidmətlər şəhərdə yerləşən keçmiş poçt binasında reallaşacaq. Bina memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunaraq sakinlərin işinin asanlaşdırılması məqsədi daşıyacaq. Şuşada bərpa işləri çərçivəsində tarixi abidələrə xüsusi diqqət yetirilir. Şəhərdə 3 məscid əsaslı şəkildə restavrasiyası olunur. Aşağı Gövhər ağa və Saatlı məscidlərində işlər ara vermədən yerinə yetirilir ki, qısa zamanda təhvil verilsin.

Şuşada bərpa edilən ən önəmli tarixi abidələr sırasında Yuxarı Gövhər ağa məscidi də var. Buranı əvvəlki vəziyyətinə qaytarmaq üçün restavrasiya işləri sürətlə davam etdirilir.

Xarı bülbülün vətənində bərpa edilməkdə olan digər bir tarixi abidə Mehmandarovların malikanə kompleksidir. İşğal dövründə ermənilər tərəfindən ciddi ziyan vurularaq dağıntılara məruz qalan kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Şuşada işğal dövründə yararsız hala salınan və dağıdılan, hazırda isə həm yenidən qurulan, həm də restavrasiya edilərək istifadəyə verilən abidələr kifayət qədərdir. Şuşa qala divarları, Molla Pənah Vaqifin məqbərəsi, eyni zamanda şairin büstü, 18-ci əsrə aid bulaq, bundan başqa Üzeyir bağında dahi bəstəkarın Heykəli bu sıradadır. Sadalananlar zəfər günündən bu yana tez bir vaxtda bərpa edilərək Şuşaya gələn qonaqların ixtiyarına verilib. Mediaturun marşrutunda Bülbülün Şuşa şəhərində bərpa edilən ev-muzeyi də yer alıb. Məlum olduğu kimi ötən il bu muzey bərpa edildikdən sonra fəaliyyətə başlayıb və indi tikilinin inzibati binasında təmir işləri gedir, eyni zamanda muzeyin həyətində yaxın gələcəkdə bir sıra tədbirlərin təşkil olunması üçün yeni konsert salonunun tikintisinə start verilib.

Şuşada ölkə başçısı tərəfindən təməli qoyulan obyektlərin də inşasına artıq başlanıb. İlkin olaraq burada 960 şagirdlik 1 saylı orta məktəbinin tikintisi həyata keçirilir. Şuşada Prezident İlham Əliyev tərəfindən təməli qoyulan 90 çarpayılıq Xəstəxananın da tikintisi tam sürəti ilə davam edir. Şəhərdə yeni beşulduzlu otel də tikintisi aparılan sosial obyektlər sırasındadır. Bu otel işğal dövründə qondarma qurumun dırnaqarası parlamentinin inşası üçün nəzərdə tutulan yerdə tikilir. 2,8 hektar ərazini əhatə edən və beş mərtəbədən, 150 nömrədən ibarət olacaq gözoxşayan tikilidə restoranlar, konfrans korpusları olacaq. Şuşada kommunal xidmətlərə də xüsusi önəm verilir. Burada yaşayan işçi heyətin, eləcə də gələcəkdə şəhərə qayıdan sakinlərin elektrik enerjisi və içməli suya olan tələbatı müasir səviyyədə qurulur. Dövlət tərəfindən bu istiqamətdə bir sıra layihələr yerinə yetirilir ki, bu da Şuşanın davamlı olaraq kommunal xidmətlərlə təmin olunmasına şərait yaradır.

Bundan başqa şəhərdə bu günə kimi 7 qazanxana istifadəyə verilib. Bu qazanxanalar da müxtəlif strateji obyektləri tam olaraq istilik və isti su ilə təmin edir. İnfrastruktur layihələrin davamı olaraq Şuşaya çəkilən zəfər yolu ilə yanaşı digər istiqamətlər üzrə də yolların yenidən qurulması davam edir.

Şuşada həyata keçirilən abadlıq quruculuq işləri ilə yanaşı həmçinin bu il ölkəmizdə Şuşa ili elan olunub. Bununla bağlı tədbirlər planı hazırlanıb ki, Şuşa şəhərində ölkə və beynəlxalq səviyyəli bir sıra tədbirlərin, konfransların, yarışların keçirilməsi planlaşdılır.